32827 şagird imtahan verəcək


15:05     13 İyun 2019 19_06_13_1560423998.jpg

Dövlət İmtahan Mərkəzi iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.



DİM-dən Femida.az-a verilən xəbərə görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Həmin gün ümumilikdə 32827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 102 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 15-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Açar sözlər:

Oxunub: 335