Sumqayıt DYP "Son zəng"lə bağlı gücləndirilmiş iş rejiminə keçdi


17:09     13 İyun 2019 dyp-bal-sistemi-ile-bagli-suruculere-xeberdarliq-etdi.jpg

Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları şəhər ərazisindəki orta məktəblərdə məzunlarla görüşlər keçirib.



Femida.az-ın məlumatına görə, 11 saylı orta məktəbdə keçirilən maarifləndirici tədbirdə məzunları təbrik edən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Elçin Qasımov orta məktəblərdə keçirilən “Son zəng” günü məzunları valideynlərinin və yaxın qohumlarının avtomobillərini sürməməyə çağırıb: “Bu sizin həyatınız üçün təhlükəlidir. Başa düşürük ki, bu gün sizin sevincli gününüzdür. Amma bu həm qanunla qadağandır, həm də bədbəxt hadisələr baş verə bilər. Ani bir qəza sizin bu sevincli gününüzü kədərə çevirər.”

E.Qasımov bildirib ki, "Son zəng" günü şəhər ərazisində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: "Həmin gün məzunların tədbirdə iştirakı, təhlükəsizliyi, yollarda hərəkətin nizamlanması üçün bütün tədbirlər görüləcək".

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat-təşviqat üzrə inspektoru, polis baş leytenantı Fərid İldırımzadə isə bildirib ki, artıq şəhərdəki bütün məktəblərin önünə yol polisi tərəfindən hazırlanmış 4 bənddən ibarət xəbərdaredici məlumatlar vurulub: “Bu həm də valideynlər üçün tövsiyədir. Övladlarının təhlükəsizliyi üçün xüsusilə “Son zəng” günü onlara nəzarət etsinlər.”

Tədbirdə çıxış edənlər həmçinin məzunları yol-hərəkəti ilə bağlı maraqlandıran sualları cavablandırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 535