Strasburqda Azərbaycanla bağlı məruzə təqdim olundu


09:09     18 İyun 2019 2019/06/104A4144-DED5-41E2-937D-103384B7E9CB_1560833366.jpeg

17 iyun 2019-cu il tarixdə Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu - Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfrans keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Femida.az -a verilən məlumata görə, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Fransa hökumətinin dəstəyi ilə təşkil olunmuş bu tədbirin açılışında Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mouri Paskye, Avropa Komissiyasının birinci Vitse-prezidenti Frans Timmermans, Fransanın ədliyyə naziri Nikol Belube və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasını bu tədbirdə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Baş İdarənin böyük prokuroru Elnur Musayevin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Qeyd olunmalıdır ki, GRECO 20 illik fəaliyyəti ərzində üzv ölkələrə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsinə dəstək göstərmiş, habelə Avropa Şurasında daxili nəzarətin gücləndirilməsində aparıcı rol oynayıb.

Tədbirdə çıxış etmiş Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında mövcud işgüzar və qarşılıqlı faydalı münasibətlər çərçivəsində GRECO ilə əməkdaşlığa ölkəmizdə verilən xüsusi diqqəti vurğulayaraq, bu əməkdaşlığın müsbət nəticələri barədə danışıb. Konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Prezident Fərmanından irəli gələn vəzifələr barədə məlumat verilib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, şəffaflığın və cavabdehliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd olunub. Baş prokurorun müavininin qeyd etdiyi kimi, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ekspert qurumu tərəfindən verilmiş tövsiyələrin böyük qismini icra edib, dəyərləndirmənin üç raundu başa çatdırılıb və əldə olunmuş nəticələr uğurlu hesab olunub. Ölkəmizin həmçinin GRECO-nun dəstəyi ilə təşkil olunan Korrupsiyanın qarşısının alınması üzrə Sibernik Şəbəkəsinin fəal üzvlərindən biri olduğu xatırladılıb.

Eyni zamanda GRECO-nun fəaliyyətinin gücləndirilməsi üçün təkliflər də səsləndirilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-Prezidenti kimi Kamran Əliyev ölkəmizin dəstəyi ilə formalaşmış Anti-Korrupsiya Prokurorları Şəbəkəsi (NACP) və digər beynəlxalq anti-korrupsiya təşkilatları ilə GRECO arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Yüksək səviyyəli konfrans zamanı hazırki mərhələdə dəyərləndirmə predmeti olan İcra hakimiyyəti orqanlarında korrupsiyanın qarşısının alınması və dürüstlüyün bərqərar olunması, həmçinin GRECO-nun növbəti fəaliyyət planlarının qurulması mövzularına həsr olunmuş sessiyalar keçirilib və iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 256