" Azərbaycanda hüquq məzunlarının sayı azdır " - Kollegiya sədrindən narazılıq


13:11     18 İyun 2019 19_06_18_1560849109.jpg


"Vəkillər Kollegiyasında qəbul daimidir. İstənilən vətəndaş istənilən vaxt sənəd verib vəkilliyə namizəd ola bilər. Hazırda daha 171 nəfər şifahi imtahan mərhələsindədir. 250 nəfərdən çox namizəd isə test imtahanını gözləyir".


Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin andiçmə mərasimində deyib. Sədr VK üzvlərinin 1600-ə yaxınlaşdığını, buna baxmayaraq, hələ də vəkillərin sayının ölkə əhalisinə nisbətən az olduğunu bildirib:

"Bu gün vəkillik andı içən 85 namizəd 19 regionu təmsil edir. Bu onu göstərir ki, artıq vəkillik Bakıdan kənarda da inkişaf edir. Amma vəkillərin sayı yenə də artırılmalıdır. Düşünürük ki, vəkillik üçün tələb olunan 3 illik staj müddəti azaldılmalıdır. Ən əsas problemlərdən biri isə Azərbaycanda hüquq məzunlarının sayının az olmasıdır. Ölkənin bütün ali təhsil ocaqlarından hər il təxminən 500-600 tələbə hüquqşünas kimi məzun olur. Bunların da bir qismi, dövlət orqanlarında, prokurorluqda, DİN orqanlarında, özəl sektorda və s. yerlərdə işləyir. Yerdə qalan say çox az olur ki, bu da vəkillərin sayının artmasında ciddi problemlərdən biridir".

"Tez-tez eşidirik ki, vəkillərin sayını artırmaq lazımdır. Amma təhsil sahəsindəki boşluqları aradan qaldırmaq VK-nın səlahiyyətində olan məsələ deyil. Qəbul planı artırılmalıdır. Qonşu ölkələrdə vəkillərin sayı Azərbaycandan 2-3 dəfə çoxdur. Vəkillərin sayını artırmaq istəyiriksə, hüquq məzunlarını sayı çoxaldılmalıdır. Əvvəlcə hovuzu doldurmaq sonra orada üzmək lazımdır", - deyə Anar Bağırov qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #VK   #Vəkillər_Kollegiyası   #hüquq   #femida   #Anar_Bağırov  

Oxunub: 1639