"Avropada təmsil olunmaq üçün hüquqşünas tapa bilmirik" - Fazil Mustafa


14:05     18 İyun 2019 19_06_18_1560852399.jpg


"Bir müddət əvvəl vəkillə polis arasında yaranan insident zamanı vəkilliyin nüfuzunun dirçəlişi müşahidə olundu. Kollegiya üzvləri həmrəylik göstərib vəkil dostlarını müdafiə etdi".

Femida.az xəbər verir ki, bu sözləri vəkillərin andiçmə mərasimində millət vəkili Fazil Mustafa deyib. Deputat çıxışı zamanı vəkilliklə bağlı problemli məsələlərə toxunub:

“Mən nümayəndəlik institiunun ləğvinin əleyhinə olmuşam. Düşünürəm ki, vəkillərin sayı bəlli bir həddə çatmayınca bu məsələlərdə tələsmək olmazdı. Amma artıq qərar qəbul olunub. Odur ki, vəkillərin sayı keyfiyyətli şəkildə artırılmalıdır.

Ümumiyyətlə vəkilliklə bağlı iki sahədə təcili addımlar atılmalıdır. Birincisi vəkillərin vergiləri ilə bağlıdır. Necə ki, biz aqrar sektoru inkişaf etdirmək üçün fermerləri vergidən azad elədik. Eynilə də vəkillər üçün bu cür güzəştlər keçərli olmalıdır. Xüsusilə də bölgələrdə çalışan vəkillər vergidən tam azad olunmalıdır. Hüquqi xidmət ucuz, vətəndaş üçün əlçatan olmalıdır. Bunun üçün də vəkilin vergidən kəsdiyi pul vətəndaşın ödənişindəki azalmada özünü göstərməlidir”.

Millət vəkili hüquq təhsili ilə bağlı məzunların sayı artırılması fikri ilə razılaşmadığını bildirib:

“Qonşu Türkiyədə tibb və hüquq təhsilləri ən ağır təhsillərdir. Hüquq və tibb oxuyan tələbə ikinci kursda artıq özünü yaxşı göstərə bilmirsə universitetdən xaric olunur. Bu ixtisaslara 50 nəfər qəbul olunursa, 10 nəfəri məzun ola bilir.

Bizdə də hüquq təhsilini çətinləşdirmək lazımdır. İkinci təhsil kimi hüquq oxumaq anlayışını ortadan qaldırmaq lazımdır. Tibb və hüquq sahəsində çox axsayırıq. Lazımi mütəxəssis yetişdirə bilmirik. Söhbət maddə əzbərçiliyindən getmir. Hüquqşünas onsuz da işin mahiyyətini bildikdən sonra əlindəki kitaba uyğun işi aparacaq. Biz keyfiyyətli hüquq təhsili məsələsini gündəmə gətirməliyik. Bu gün Avropada təmsil olunmaq üçün 3-4 nəfərdən artıq hüquqşünas tapa bilmirik. Yüksək səviyyədə xarici dilləri bilən, hüququn mahiyyətini dərindən əxz eləmiş kadrlar tapmaqda çətinlik çəkirik. Hüquq təhsilinin konveyr prinsipi ilə həyata keçirilməsinin qarşısı alınmalıdır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Fazil_Mustafa   #vəkil   #hüquq   #hüquqşünas   #millət_vəkili   #qanun   #təhsil   #tələbə   #femida  

Oxunub: 5341