Şahin Sultanov danışmağı qadağan etdi


20:10     06 Aprel 2015 ahin%20sultanov.jpg

Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, barəsində Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılaraq, məhkəmə istintaqı davam etdirilən Şahin Sultanov barəsində hər hansı informasiyanın yayılmasını istəmir.

Ş. Sultanovun vəkili Adəm Məmmədov Femida.az-a açıqlamasında bildirib ki, müvəkkili – sabiq komandan media ilə əməkdaşlıq etmək istəmədiyini müdafiəçilərinin diqqətinə çatdırıb.

A. Məmmədov deyib ki, müdafiə etdiyi şəxsin istəyinə əsasən o, daha Ş. Sultanovun cinayət işi üzrə məhkəmə istintaqı haqda müfəssəl danışmaq səlahiyyətində malik deyil. Buna baxmayaraq, vəkil bildirib ki, adıçəkilən məhkəmə istintaqı üzrə proses davam etdirilir. O, prosesin hazırkı mərhələsində təqsirləndirilən qismində istintaqa əlavə heç kimin cəlb olunmadığını qeyd edib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2014-cü il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1299