Qardaş bacısını məhkəməyə verib ata evindən çıxartdı - Xaçmazda ailə qalmaqalı

Qardaş bacısını məhkəməyə verib ata evindən çıxartdı - Xaçmazda ailə qalmaqalı


12:35     20 İyun 2019 2019/06/1---Copy_1561019060.jpg


Femida.az vətəndaşların sosial-hüquqi problemlərini işıqlandırmağa davam edir. Bu dəfə redaksiyamıza Xaçmaz rayon Müqtədir qəsəbə sakini Mahiyyət Novruzbəyova müraciət edərək ailə münaqişəsinin işıqlandırılmasını və hüquqi yardım istəyib. O, bildirib ki, uzun illər yaşadığı ata evi onun ögey qardaşı tərəfindən əlindən alınmaq üzrədir.


“Xaçmazın Müqtədir qəsəbəsində doğulmuşam. Ailə qurandan sonra 1989-cu ildə Rusiyaya köçdüm. Orada olarkən, atam və anam vəfat ediblər. Lakin ailə üzvlərim bunu mənə bildirməyiblər. Bir sözlə valideynlərimin vəfatını ona görə gizlədiblər ki, mən pay istəməyim. Atam ölməzdən qabaq ögey qardaşım vəsiyyətnamə yazdırıb ki, ev özünə qalsın. Daha sonra mən Rusiyada həyat yoldaşımdan ayrıldım və 2 qızımla birlikdə birdəfəlik Azərbaycana qayıtdım. Uşaqlarım balaca idi və mən onları atasız böyütməyə məcbur olmuşdum.

M.Novruzbəyovanın sözlərinə görə, Rusiyadan qayıdandan sonra bacıları və qardaşları hamısının öz evi olub deyə ata evində 2 qız övladı ilə birlikdə yaşamağa başlayıb:

“Qalacaq başqa yerim yox idi. Həmin vaxt qardaş-bacılarım da buna etiraz etmədi. 20 ilə yaxındır ki, biz o evdə yaşayırdıq. Amma son dövrlərdə ögey qardaşım həyat yoldaşının təkidi ilə etiraza başladı ki, “ev sənədlə bizim adımızadır və siz oradan çıxmalısız”. 20 il ərzində qəpik-qəpik yığaraq, həm atasız uşaq böyütdüm, həm evi təmir etdirdim. Ustalar və qonşular da bunu şahid qismində təsdiqləyir. Təmirə 15-20 min manat pul xərclədim. Qardaşım gil evin təmir olunduğunu görəndən sonra əlimizdən almağa çalışır”.



Daha sonra M. Novruzbəyovanın qardaşı bacısını məhkəməyə verib. Xaçmazda hakim Rövşən Xəlilovun sədrliyi ilə baş tutan məhkəmə qərar verib ki, evdə hər iki övladın payı olduğu üçün hər iki ailənin yaşamaq hüququ var:

“Mən onsuz da buna etiraz etmirdim. Onların Bakıda yaşayır və nə vaxt istəsələr, gəlib həmin bizimlə qala bilirdilər. Qardaşım gil Xaçmaz məhkəməsinin qərarı ilə razılaşmadı və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdi. Hər şey Sumqayıt Apellyasiya Məhkəməsində dəyişdi. Elman Rəhimovun sədrlik etdiyi iclasda nə bizə yetərincə söz verildi, nə də haqlı qərar. Proseslər qısa çəkdi və qərar çıxdı ki, biz evi tərk etməliyik.



Onların Xaçmaz məhkəməsində gətirə bilmədiyi dəlillər, Sumqayıt Apellyasiya Məhkəməsinə ortaya çıxdı. Necə ola bilər? Deməli onlar ev üçün təcili çıxarış hazırlayıb, məhkəməyə gətiriblər ki, Apellyasiya Məhkəməsində qalib gəslinlər. Məhkəmə hüquq islahatları aparıldığı bir dövrdə məhkəmənin qərarını ədalətli hesab etmədik və kassasiya şikayəti verdik. Amma Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını dəyişmədi. Öz qardaşım məni və qızımı doğma ata evimdən qovur. Çarəsiz vəziyyətdə qalmışıq. Axı o evdə mənim də payım, əziyyətim var. Onların özünün kifayət qədər evləri olduğu halda 31 kv. metrlik bir kənd evini bizə çox görürlər. Onların evi bizdən almaqda məqsədi oranı satıb maddi qazanc əldə etməkdir. Budurmu haqq-ədalət?!”.

Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrəndik. Mahiyyət xanımın qardaşı arvadı Novruzbəyova Gülxanım zəngimizi cavablandırdı. O, bildirdi ki, artıq məhkəmə qərarı onların xeyrinədir və baldızı o evdən çıxmalıdır:

“Onlar Rusiyadan qayıdanda atasız uşaq böyüdür deyə evi Mahiyyətə verdik ki, küçədə qalmasın. Amma bir müddət sonra Mahiyyət bizi o evə buraxmadı. 12 ildir vəziyyət belədir. O həmin evə heç bir bacı-qardaşını buraxmırsa, hansı haqqla orada yaşaya bilər ki?! Ev hazırda boşdur, həyəti ot basıb, yaşayış yoxdur. Yayda 1 ay gedib orada qalır, sonra Bakıya qayıdır. Yoldaşım ona yalvardı ki, heç olmasa yayda 10 günlük bizə evdə qalmağa imkan versin. O isə razı olmadı və mübahisələr başladı. Məni və yoldaşımı təhqir etdi. Orada ciddi təmirdən söhbət gedə bilməz. Sadəcə yüngül təmir işləri aparılıb”.



G. Novruzbəyova bildirib ki, ev digər bütün bacıların razılığı ilə onun həyat yoldaşına vəsiyyət edilib. Mahiyyət xanım isə pay istəməyib deyə ev həyat yoldaşının, yəni Novruzbəyov Seyidbalanın adına keçib:

“Bütün bu mübahisələr həyətdəki ayaqyolu tikintisinə görə oldu. Yoldaşım onlar üçün iş görürdü. Amma Mahiyyət onu tikilinin yerini səhv qoyduğuna görə təhqir etdi. O vaxtdan küsülülük yarandı. Əvvəl onlarla bilrikdə yaşamağa razı olardım. Amma bütün bu olanlardan sonra onların həmin evdə yaşamasını istəmirəm. Biz ona uzun illərdir evi verdik yaşasın, amma o bu yaxşılığı başa düşmədi. Bu qədər bəsdir.

Onların Xırdalanda şəxsi evi var. Xaçmazdakı evdə onsuz da yaşamırlar. O, həmin evə ancaq ata evi kimi qonaq gəlib-gedə bilər. Mahiyyət qərarı icra etməsə, qapılar sındırılıb, əşyaları çölə atılacaq”.



Məsələyə hüquqi tərəfdən yanaşsaq, ortaya bu sual çıxır: Ata evində bütün övladların yaşamaq hüququ bərabərdirmi?

Olayın hüquqi aspektdən şərhini vəkil Absələddin Əliyev Femida.az üçün edib. O, bildirib ki, əmlak atadan oğula vəsiyyət olunsa belə, burada digər övladların məcburi pay hüquqları var:

“Vəsiyyətnamə övladları mirasdan tam məhrum etmir. Sadəcə bu vəziyyətdə xanıma düşən payın yarısı ona verilməlidir. Yəni evə başqa övlad idda etmirsə, əmlakın üçdə biri həmin xanımın haqqıdır. Bir şərtlə ki, xanım vaxtilə əmlakdan əmlakdan imtina etmiş olmasın. Etməyibsə, yenidən məhkəməyə müraciət edib miras payının bölüşdürülməsi iddiasını qaldıra bilər. Eyni zamanda əgər qarşı tərəf evin çıxarışını apellyasiya instansiyasında təqdim edibsə, çıxarışın etibarsız hesab olunması da iddia tələblərinə əlavə edilə bilər”.



Vəkilin sözlərinə görə, yeni iddia qaldırdıqdan sonr hazırki icra prosesini dayandırmaq da mümkündür:

“Nəzərə alaq ki, hazırki məhkəmə qərarı xanım və övladlarının qeydiyyatdan çıxarılması ilə bağlıdır. Odur ki, payın bölünməsi tam başqa aspektdir. Vətəndaş icraçıların hərəkətləri ilə bağlı şikayət edib icra prosesini dayandıra bilər. Düzdür, bu məhkəmənin qərarı ilə müəyyən olunur. Amma istənilən halda şikayət etmək və məhkəmə prosesi dövründə icra prosesini dayandırılması üçün müraciət etmək mümkündür”.


Mahiyyət Novruzbəyova və qızının ata evindən çıxmasına dair Xaçmaz rayon İcra Şöbəsinin xəbərdarlığı

“Ümumiyyətlə reyestr xidmətində çıxarışın nə vaxt alınmasına da baxmaq lazımdır. Əgər çıxarış yaxın keçmişdə əldə olunubsa, bu vəziyyət qadının xeyrinə ola bilər. Çünki mirasın iki cür qəbulu var: notariat orqanına ərizə verməklə, yaxud miras əmlakından istifadə və ona sahiblik etməklə faktiki qəbul.
Xanım əgər uzun illərdir o evdə yaşayırsa, faktiki qəbul etmiş sayılır. Həmin ev ata mirası sayılır. Onların həmin evdə yaşadığını təsdiqləyən qonşular və digər ya şahidlər olarsa, evdə faktiki yaşadığını da sübut edə bilər.


Bəzən hətta 50 ildən sonra ulu baba mülkünü tələb edən insanlar olur. Odur ki, burada xanımın payını tələb etmək hüququ var. Pay hüquqları bərpa olunduqdan sonra evə yeni çıxarış verilir. Yaxud tərəflərdən biri digərinə ödəniş edərək evin tək sahibinə çevrilə bilər, yaxud ev hərracda satılıb pul tərəflər arasında bölünə bilər”, - deyə vəkil qeyd edib.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #ailə   #femida   #problem   #Xaçmaz   #məhkəmə   #Sumqayıt   #Apellyasiya   #Ali_Məhkəmə   #şikayət   #əmlak   #miras  

Oxunub: 2060