Qorbaçovu ayağa qalxmağa məcbur edən, Azərbaycanın I Dövlət Katibi - Tofiq İsmayılovun doğum günüdür

Qorbaçovu ayağa qalxmağa məcbur edən, Azərbaycanın I Dövlət Katibi - Tofiq İsmayılovun doğum günüdür


11:55     21 İyun 2019 19_06_21_1561103317.jpg


Tofiq Kazım oğlu İsmayılov — Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. Bu gün Tofiq İsmayılovun doğum günüdür.


Femida.az-ın məlumatına görə, Tofiq İsmayılov 1933-cü il iyunun 21-də Bakıda anadan olub. Atası Kazım İsmayılov da SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi kimi çalışıb.

Tofiq bəy Moskvada Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutun bitirdikdən sonra bu şəhərdə müxtəlif qabaqcıl müəssisələrdə çalışıb.

1964-cü ildə Bakıya qayıdan İsmayılov mühəndis kimi işə başlayıb. 2 il sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) elektronika kafedrasının dosenti olub.

1967-1985-ci illərdə Elmlər Akademiyası sistemində çalışıb. Fizika İnstitutunda baş mühəndis işləyib. 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışıb. 1979-cu ildə texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülüb. Keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilib.



Xalq qarşısında xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni, "Əməkdə rəşadət" medalı, elm və texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır.

Eləcədə bax: Tofiq İsmayılovun qızı: `Qorbaçov vertolyot qəzasından iki gün əvvəl atama zəng etmişdi`– FOTOLAR

Akademik T.K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu. Astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış "PS – 17 BK" və "Pulsar X-1" rentgen teleskopları böyük müvəffəqiyyətlə "Salyut-Soyuz-T-11", "Mir" orbital stansiyalarında fəaliyyət göstərmişdi. "Pulsar X-1" ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS – 17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T.İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M.S.Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.


T.İsmayılovun Qorbaçovu ayağa qaldırdığı an

T. İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi. Həmin il noyabrın 20-də Azərbaycan Respublikasının I Dövlət Katibi olan Tofiq İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.

Femida.az

Açar sözlər: #Tofiq_İsmayılov   #SSRİ   #alim  

Oxunub: 5258