Ermənisiz Azərbaycan istəyən, ana dilini təbliğ etdiyi üçün həbs olunan şair - Xəlil Rzasız 25 İL...


11:10     22 İyun 2019 19_06_22_1561187511.jpg

Xəlil Rza Ulutürk - tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq şairi. Femida.az xəbər verir ki, bu gün onun ölümündən 25 il ötür.


Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabr Salyanın Pirəbbə kəndində anadan olub. 2 saylı şəhər orta məktəbində təhsil alıb. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə Cəfər Xəndanın, Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən məşğələlərdə fəal iştirak edib.

1954-cü ildə universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O burada çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqustunda Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza burada dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olub.



1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Onu institutda müəllim kimi saxlayıblar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açırdı.

Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar hakim dairələrin diqqətindən yayınmır. Çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır.

Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışırlar.



Xəlil Rza 1950-ci illərdə "Xəlil Xəlilov" imzası ilə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb.1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuş, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!


O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.


Xəlil Rza "Dur ayağa Azərbaycan!" şeirini səsləndirərkən

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

1991-ci ildə Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. Mayın 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevralın 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. Lakin bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.


Xəlil Rza Ulutürkün türkçülük haqqında möhtəşəm çıxışı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də xalq məhəbbəti ilə çırpınan ürəyi dayandı.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #şair   #Xəlil_Rza_Ulutürk  

Oxunub: 5731