Azərbaycanda sığorta həftəsi başlayıb

Azərbaycanda sığorta həftəsi başlayıb


19:50     24 İyun 2019 2019/06/61B3701E-8524-4E5B-A792-0DFCCBB3E712_1561389922.jpeg

Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə bu gündən Azərbaycanda “Sığorta həftəsi” start götürüb.

Femida.az xəbər verir ki, bu barədə Palatanın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sözügedən həftə çərçivəsində MBNP, İcbari Sığorta Bürosu (İSB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və sığorta şirkətlərinin birgə əməkdaşlığı zəminində bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə məqsədli görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunun keçirilməsi nəzərdə tutulub.

15-ə yaxın yerli və xarici nümayəndənin çıxış edəcəyi Forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub. Forum çərçivəsində MBNP, Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İSB və ASA arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması planlaşdırılıb. İmzalanması nəzərdə tutulan memorandum “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda qeyd olunan tədbirlərin koordinasiya olunmuş şəkildə və daha effektiv icra edilməsinə xidmət edəcək.

“Sığorta həftəsi”nin ilk günü isə MBNP, İSB və ASA-nın birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib. Müzakirə formatında keçirilən seminarda iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.

“Sığorta həftəsi”nin növbəti günlərində Bakı və Sumqayıt şəhəri üzrə dövlət qurumlarının və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə, həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlarla maliyyə bazarlarının dəyər yaradan önəmli sektorlarından biri kimi sığorta mövzusu ətrafında interaktiv təqdimatların keçirilməsi planlaşdırılıb.

Bundan əlavə “Sığorta həftəsi”ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcək. Seminarda avtonəqliyyat vasitəsi sığortası üzrə anderraytinq, risk qiymətləndirilməsi, zərər qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə barəsində məlumat veriləcək. Həmin gün paralel olaraq, beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən gənc mütəxəssislərə seminarın keçirilməsi də nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 168