İnterpol xətti ilə tutulan kriminal aləm üzvünün istintaqı başa çatıb


10:13     27 İyun 2019 19_06_27_1561616391.jpg

Adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə istintaq başa çatıb.



Femida.az -ın məlumatına görə, Ə.Hüseynlinin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, Şirvan şəhər sakini, 23 yaşlı Əli Hüseynli 39 yaşlı "qanuni oğru", cinayətkar aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə məşhur olan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

Şirvana etap edilən Əli Hüseynli 2017-ci ildən etibarən cinayət əməllərinə görə axtarışda olub. O, AR Cinayət Məcəlləsinin 144.2. (adam oğurluğu), 144.2.5 (... odlu silahdan istifadə etməklə), 144.2.6 (...sifarişlə törədilmiş), 221.3-cü (odlu silahdan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham edilib. Hazırda Hüseynli Bakıdakı İstintaq Təcridxanasındadır.

Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Cinayətkarlar Günəşovu döyərək avtomobilin baqajına basıblar. Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub. İşin araşdırılması ilə AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşğul olub. Cinayətkar qruplaşmanın üzvləri Şirvan sakinləri olduğundan, onların axtarışını elan etmək Şirvan şəhər Polis İdarəsinə həvalə edilib.

Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov (Rafet Əlibayramlinskinin qardaşı), Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov 2017-ci ilin iyulunda, demək olar ki, hadisədən dərhal sonra saxlanılıblar. Ötən il sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Açar sözlər:

Oxunub: 507