Qarabağ uğrunda şəhid olan 3 milli qəhrəmanın doğum günüdür


10:28     27 İyun 2019 2019/06/19_06_27_1561616779-(1)_1561617090.jpg


Bu gün Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan 3 milli qəhrəman - Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradovun doğum günüdür. Femida.az milli qəhrəmanlar haqqında məlumatı təqdim edir.



Yavər Əliyev

27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olub. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görüb. Bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il 29 fevralda Yavərin sonuncu uçuşu olub.



Hazırda onun iki övladı atasının peşə yolunu davam etdirir. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb və Milli Aviasiya Akademiyası onun adını daşıyır.

Malik Əsədov

27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılıb. Hərbi xidməti Qazaxıstanda başa vurub. Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam və Şuşada döyüşüb. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilərkəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetiriblər.



Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Yevlax rayonunun Havarlı kəndində dəfn edilib. Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulub.

Ruslan Muradov

27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulub. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olub. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilib. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girib. Kənd erməni işğalçılarından azad edilib. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü. Yaralıları xilas etmək üçün aparılan əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi. Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.



Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #ordu   #hərbçi   #milli_qəhrəman  

Oxunub: 2265