Ziyalı ailənin cibgir övladı-“Qızılbarmaq Fatma” Həyat hekayəsi


15:00     19 May 2015 fatma.jpg

Femida.az cibgirlik və tarixdə məşhur cibgirlər haqqında lahiyəyə başlayır.
Cibgirlik hələ qədim zamanlardan çox məşhur “peşə” olub.Qədim Roma,Yunanıstan bu sahədə daha “təcrübəli” məkanlar hesab olunur.


Sezarın bacarmadığı cibgirlər

Hələ qədim Romada Yuli Sezar qərar veribmiş ki, cibgirlərin barmaqları yandırılsın. Bir müddətdən sonra ölkədə barmaqları yanan, yaxud yanmış barmaqlarını parçalarla bağlayan adamları görmək adi hala çevrilib. İmperiya rəhbərinin qərarından sonra da cibgirlik halları azalmayıb. Ölkələri diz çökdürən Sezar cibgirlərin qarşısında güzsüz qalıb. Yuli Sezarın öhdəsindən gələ bilmədiyi cibgirlər həmişə olub, bundan sonra da olacaq.

Cibgirdən necə qorunmalı?

Onlardan qorunmanın üsulu adamların özlərindən asılıdır. İngiltərədə cibgirlərin edamı nəzərdə tutan qanun da qüvvədə olub. Amma bütün bunlara baxmayaraq bu “peşə”nin sahibləri ilə bacarmaq heç də asan olmayıb.

Yerli cibgirlər

Azərbaycanda da bu aləmdə tanınmış insanlar olub.Onlardan Qızılbarmaq Fatma kimi məşhur cibgir daha çox tanınıb. 1939-cu ildə Bakıda anadan olmuş “qızılbarmaq” Fatmanın çox maraqlı həyat hekayəsi var.

Onun məhz qızılbarmaq adlandırılmasının səbəbi nədir?

Bir gün Biləcəri qəsəbəsində yaşayan tanış qadın Fatma xanımla görüşür. Qadın bel hissəsində güclü ağrı olduğunu və Fatmadan əlini ağrı olan hissəyə çəkməyi xahiş edir. Fatma xanım əlini bir müddət ağrı olan hissədə saxlayandan sonra, qadının ağrıları keçir. Bu hadisədən sonra onu “qızılbarmaq Fatma” deyə çağırırlar. Bu gün məşhur cibgir kimi tanınan “qızılbarmaq” Fatma ziyalı ailəsində anadan olub.Ailədə 6 uşağın ən kiçiyi Fatma olub.

Ziyalı ailəsinin övladı

Atası və anası Bakıda çox tanınmış həkim olublar.1 yaş 8 aylıq olanda o anasını itirir. Anasının vəfatından sonra bibisinin himayəsində qalan Fatma, bu həyat tərzinə öyrəşə bilmir.O, ilk vaxtlar bibisinin ərinin yanında qəssab köməkçisi kimi işləyir.13 yaşında ikən nəzarət altında yaşamağı sevməyən qız evdən qaçmağı qərar verir. Bir gün dənizkənarı parkda kefsiz oturduğu halda bir qadınla rastlaşır.Özünün təsvir etdiyi kimi: “Ucaboy və çox gözəl bir qadın mənə yaxınlaşır və burada nə etdiyimi soruşdu. Mən isə kimsəsiz və getməyə yerimin olmadığımı dedim.

“Qara volqa”nın Rübabəsi

Həmin qadın “Qara volqa” əsərindəki Rübabə idi”. Beləliklə Rübabə adlı bir qadının sayəsində 13 yaşlı qızcığaz oğru aləminə gəlir. Elə bundan sonra həyatının qara səhifələri başlayır.

Gürcünün məğlubiyyəti

Artıq o peşəkar cibgirə çevrilir və məşhur olmağa başlayır. Hətta qonşu Gürcüstandan Azərbaycana gələn məşhur cibgirin burdakı həmkarı ilə yarışmasından məğlubiyyətlə ayrılmasına dair rəvayətlər də var. Azərbaycanlı cibgir gürcü cibgirin saqqızını, sözün həqiqi mənasında ağzından oğurlamağı bacarıb və əfsanələşib.

İlk məhbəs

İlk dəfə həbs ediləndə ona 5 il iş verilir. Gənc qız həyatında ilk dəfə məhbəs həyatını yaşayır. Azadlığa qovuşduqdan sonra belə öz “peşə”-sindən əl çəkə bilməyən “qızılbarmaq” Fatma yenidən həbs olunur.Bu dəfə artıq 7 il həbs cəzası alır.

Sibirə doğru...

Məhbəs illərində başına gələnlərdən danışmağı ağlına belə gətirməyən bu bəxtsiz qadın ömrünün ən acınacaqlı illərini Sibirdə sürgündə olarkən keçirib.
O, vaxt Respublika qanunlarına görə 2 dəfədən artıq oğurluq edəni Sibirə sürgünə göndərirdilər.Sibir onun son məhbəs həyatı olur. Bu illər onun həyat səhifəsində çox silinməz izlər buraxıb.

İki şəhid anası Fatma

Qızılbarmaq Fatmanın ailə həyatı və övladları da çox maraq doğuran məqamlardan biridir. Hələ həbsdən əvvəl ailə həyatı quran cibgir qadın 2 oğlan uşağı dünyaya gətirir. Həbsə düşən illərdə onun övladlarına bibisi qızı və qayınanası köməklik edir. Hər iki oğlu hərbçi kimi təhsil alıb, orduya yollanır. Böyük oğlu Rusiyada hərbi əməliyyatlar zamanı həlak olur.Bu hadisədən sonra zavallı ana böyük əzablara düçar olur. Lakin taleyin ona vurduğu zərbə bununla bitməyib. İkinci oğlu Teymur müharibənin ən qızğın illərində Qarabağ cəbhəsinə yollanır. Batalyon komandiri olaraq vətənin müdafiəsində iştirak edir. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur və şəhidlik zirvəsinə yüksəlir.Həyat məngənəsində əzablarla boğulan ana həmin illəri belə xatırlayır:

”1992-ci ildə ölkədə vəziyyət çox gərgin idi. Müharibə gedirdi.Oğlum Fərhad da hərbiçi idi. Bir gün komissarlıqdan xəbər gəldi ki, Fərhadı müharibə zonasına aparırlar. Xəbəri alanda çox narahat oldum, amma nə etməli? Onunla son görüşümüz Gəncədə oldu. Mənə təcili xəbər göndərdi ki, görüşmək istəyir. Gecə ilə Gəncəyə getdim. Görüşdə mənə Ağdama gedəcəyini demədi,amma ayrılanda məni bərk-bərk qucaqladı,sanki öləcəyini bilirdi.Gəncədən qayıdandan sonra ondan xəbər gəlmədi. Narahat oldum. 2 ay sonra bildim ki, döyüşlərdə həlak olub. Bundan sonra həyatımın ən mənasız illərini yaşadım.”

Üçüncü zərbə

Həyatın növbəti zərbəsindən çıxılmaz vəziyyətdə qalan tənha qadın 7 günlük bir oğlan uşağı övladlığa götürür.Lakin digər övladlarının taleyi kimi bu dəfə də o övlad barı görə bilmir. 12-13 yaşlarına çatanda uşaqda ruhi xəstəliyin əlamətləri hiss olunur. Həkim ona ruhi xəstə diaqnozu qoyur. Onsuzda həyatdan kifayət qədər zərbə alan qadın hadisədən sonra demək olar ki, həyata inamını itirir və xəstəliyə düçar olur. İki dəfə infarkt keçirir və bir müddət hərəkətini belə itirir. Zamanında Sovet dövrünün ən məşhur cibgiri sayılan “qızılbarmaq “Fatma bu gün “primorksi” də kirayədə yoxsul bir evdə yaşayır.

Miri Məcidli

Femida.az

Açar sözlər:

Oxunub: 12957


Oxşar xəbərlər