Rus şair Kəlbəcərdəki məşhur məbədi erməni kilsəsi kimi təqdim edən yeni film hazırladı +VİDEO


10:11     28 İyun 2019 19_06_28_1561702347.jpg

Biz Xudavəngin burada yaşamış xristian Azərbaycan türklərinin abidəsi olduğunu isbatlamalıyıq...

Rus şair Viktor Konoplyov Azərbaycanın 27-ci ildir ki, işğal altında qalan Kəlbəcər rayonundakı Xudavəng məbədini erməni monastırı kimi təqdim edən yeni, "Fəth olunmaz Artsax" adlı film hazırlayıb.

Bu haqda Rusiyada nəşr edilən erməni portalları məlumat yayıb.

Xatırladaq ki, Xudavəng monastır kompleksi ("Xotavəng monastırı" – farscadan tərcümədə "təpədə yerləşən"; "Dədəvəng monastırı") — Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun kənarındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayon mərkəzinin 29 kilometrliyində yerləşən qədim Azərbaycan məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Sovet dövründə Ağdərə rayon partiya komitəsinin 1-ci katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar...




Ermənilər 30 ilə yaxındır ki, yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kinofilmlərdə çox ustalıqla İslamın qəbulundan öncə bu ərazidə yaşamış xristian Azərbaycan türklərinin abidəsini erməni kilsəsi kimi təqdim edir və “ulu Artsax”ın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması” haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar.

Açar sözlər:

Oxunub: 1019