Azərbaycan zabiti düşmənə təslim olmaz deyərək özünü partladan mayor - RASİM İBRAHİMOV

"Azərbaycan zabiti düşmənə təslim olmaz" deyərək özünü partladan mayor - RASİM İBRAHİMOV


11:33     28 İyun 2019 2019/06/19_06_28_1561707114_1561707506.jpg


Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Rasim İbrahimovun anım günüdür.


Femida.az bildirir ki, Rasim 18 aprel 1962-ci ildə Bakının Əzizbəyov rayonundakı Çilov adasında anadan olub. Ailəsi neftçi idi. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildə təhsilni başa vurub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan Rasim bir müddət Respublika Hərbi Komissarlığında çalışıb. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilib. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyub. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayıb.



Qarabağ müharibəsinin qızğın vaxtlarında - 1992-ci ildə o, Füzuli rayonunun bir qrup sakini ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Hansı ki, bu tabor Füzulinin kəndlərini mərdliklə qoruyan bir dəstəyə çevrilmişdi. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi. Onların taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girmiş, onlarla erməni quldurunu məhv etmişdi. Lakin arxadan dəstək gəlmədiyi üçün mühasirəyə düşmüşdülər. Həmin an cəsur komandir R.İbrahimov sırf döyüşçü dostlarını mühasirədən xilas etmək üçün canından keçir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirir. Vəziyyatin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Ermənilərə təslim olmayan R.İsmayılov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladaraq əbədiyyətə qovuşur.



Rasim İbrahimov şəhid olarkən, ailəli idi. Hazırda dünyada iki yadigarı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Çilov adasında abidəsi ucaldılıb və adada qəhrəmanımızın adına bağ salınıb. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb indi onun adını daşıyır.

Femida.az

Açar sözlər: #Qarabağ   #ordu   #mayor   #Rasim_İbrahimov   #milli_qəhrəman   #şəhid  

Oxunub: 2367