DATŞ direktoru İsveçrə-Azərbaycan Biznes Forumunda


13:09     28 İyun 2019 19_06_28_1561713064.jpg


İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsveçrə-Azərbaycan Biznes Forumu keçirilib.


Femida.az xəbər verir ki, forumun açılış mərasimində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova, İsveçrə-Azərbaycan Ortaq Ticarət Palatasının (JCC) prezidenti cənab Marcel Pavlicek, həmçinin İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) və Avropa Müdafiə Agentliyinin (EDA) nümayəndələri çıxış ediblər.

Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələrindəki nümayəndəsi Nemət Nağdəliyev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramov, Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə müvafiq mövzularda təqdimatla çıxış ediblər.

Biznes Forumda iştirak edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova "Aqrobiznes / Azərbaycanın Kənd Təsərrüfatı, Qida İstehsalı və Qablaşdırma sektorunda imkanların tətbiqi" mövzusunda təqdimatla çıxış edib.



Leyla Məmmədova çıxışı zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə də forum iştirakçılarına ətraflı məlumat verib.

Bildirib ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyət istiqaməti yerli fermer və qida istehsalçılarının məhsullarının daxili və xarici bazarda satışına dəstək göstərmək, ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verməkdir.

“Azərbaycanla İsveçrə arasında əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan bugünkü biznes forumun əhəmiyyəti böyükdür. Ölkələrimiz arasında yüksək səviyyəli ikitərəfli əlaqələr mövcuddur və bu əlaqələr günü-gündən inkişaf edir. Dövlət Aqrar Ticarət Şirkəti olaraq biz də ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəmizi vermək niyyətindəyik. Azərbaycan istehsalı olan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının İsveçrəyə ixracının artırılması istiqamətində Forum iştirakçılarının da dəstək göstərəcəklərinə inanırıq.” – deyə Leyla Məmmədova bildirib.

Femida.az

Açar sözlər: #DATŞ  

Oxunub: 880