Vəkillər Kollegiyası korrupsiyaya qarşı mübarizəyə qoşuldu


16:40     28 İyun 2019 19_06_28_1561725399.jpg


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Femida.az xəbər verir ki, korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunaraq, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə-hüquq sisteminin formalaşdırılması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsinə istiqamətlənən islahatların ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəkləndiyini bildirib, qeyd olunan sahədə dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının bir biri ilə, insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişlənməkdə olduğunu qeyd edib. K.Əliyev həmçinin prokurorluq əməkdaşlarının Vəkillər Kollegiyasının üzvləri ilə münasibətlərinə toxunaraq mövcud sahədə qeyri-prosessual münasibətlərin yolverilməzliyini bildirib. Baş prokurorun müavini Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirəsalınmadan prokurorluq orqanlarına verməsinə dair razılığın memoranduma daxil edilməsini cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını qeyd edib.



Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirib ki, vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərədəcə artıb, hazırda Bakı və Azərbaycanın regionlarında 1500-dən çox vəkil xidməti fəaliyyət göstərir. Vəkillər Kollegiyasının öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu deyən sədr dövlətin vəkilliyin inkişafına böyük diqqət ayırdığını bildirib. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında Vəkillər Kollegiyasına verilmiş tövsiyələr çərçivəsində bu Memorandumun imzalanmasının, hər iki qurum arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, əməkdaşlıq münasibətlərinin qurulmasının başlıca qayəsini vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi təşkil edir ki, Memorandumun imzalanması son nəticədə məhz bu məqsədə xidmət edir.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Vəkillər_Kollegiyası   #baş_prokurorluq   #korrupsiya   #memorandum  

Oxunub: 1347