Avropa İttifaqı - Azərbaycan: Əməkdaşlığın üfüqləri

Avropa İttifaqı - Azərbaycan: Əməkdaşlığın üfüqləri


11:51     01 İyul 2019 2019/07/65391836_2301626386599077_6719147567730393088_n_1561967707.png


Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətləri yarandığı dövrdən (1991) bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Aİ öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda bu təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Əbəs deyil ki, mütəmadi olaraq Aİ Azərbaycana yardımlarının həcmini artırır.


1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığa şərait yaratdı. Aİ-nin Azərbaycana xüsusi elçisinin təyin edilməsi (1998), Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilməsi (2000), Azərbaycan Avropa Qonşuluq Siyasətinə (2004) və Şərq Tərəfdaşlığı proqramına qoşulması (2009) qarşılıqlı əməkdaşlıq üçün böyük addımlar idi.

2014-cü ildə tərəflər arasında Aİ proqramlarında və agentliklərində iştiraka dair imzalanan protokol, 2016-cı ildə isə Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verilməsi tərəflər arasındakı əməkdaşlığın illər ərzində ən yüksəyə doğru irəlilədiyini göstərirdi. 2018-ci il iyulun 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında imzalanan "Tərəfdaşlıq prioritetləri” Azərbaycan-Aİ əlaqələrini bir pillə də yuxarı daşıdı.

Aİ ilə Azərbaycan arasında əməkdaşlıq ən çox hansı sahələrdə aparılır?

Təbii ki, Aİ əməkdaşlıq etdiyi ölkələrdə iqtisadi, sosial, mədəni inkişafla yanaşı insan hüquqlarının qorunması, korrupsiyaya qarşı mübarizə, gender bərabrəliyi və s. bu kimi məsələləri də başlıca mövqedə tutur.

Enerji sahəsində əməkdaşlıq - Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.
2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığın bünövrəsini qoyub. 2011-ci ilin yanvarında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzaladı. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaqdır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcəkdir.

Təhsil sahəsində əməkdaşlıq - Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Erasmus+ proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. Hər il Azərbaycandan yüzlərlə tələbə və müəllim heyəti bu proqram çərçivəsində Avropada olur, eyni zamanda Avropalı tələbə və müəllimlər Azərbaycana gəlirlər.
Hazırda davam edən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” tvinninq layihə çərçivəsində si Avropa təcrübəsi yerində öyrənilir. Pilot məktəblərdə Avropa təcrübəsinə uyğun tədris prosesi keçirilir.

Ticarət sahəsində əməkdaşlıq - Ai ilə imzalanan "Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verdi. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri çoxluq təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına təxminən 25 milyard dollar investisiya yatırılıb.
Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Bəziləri ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir. Quruma üzv olan 24 ölkə ilə ikiqat vergitutma aradan qaldırılıb. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir. Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 mln. avroya yaxın dəstək göstərilib.

Tvinninq layihələr

Ümumilikdə, tvinninq əməkdaşlıq, partnyorluq, bilik və bacarıqların mübadiləsi deməkdir. Azərbaycan Aİ ilə reallaşdırdığı tvinninq layihələri üzrə regionda birinci yeri tutur. Hələ ölkəmizdə ilk tvinninq layihələrinin icrasına 2008-ci ildə qida təhlükəsizliyi, enerji və standartlaşdırma sahələrində başlanıb. Həmin vaxtdan etibarən Tvinninq proqramı çərçivəsində Azərbaycan müxəlif icra mərhələlərində olan 50-ə yaxın layihə ilə regionda liderə çevrildi. Bunların içində müxtəlif sahələri əhatə edən layihələr olub. Bir neçə misal gətirək.
Məsələn, ekologiya bağlı olan sonuncu (Avropa İttifaqının nümunəvi təcrübələri əsasında “Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi”) layihədə ətraf mühitin müxtəlif sahələri əhatə olunmuşdu. 2016-2017-ci illərdə baş tutan layihə üçün Aİ 1,4 milyon avro büdcə ayırmışdı.

Aİ-nin Azərbaycana verdiyi ən böyük töhfələrdən biri də icbari tibbi sığorta ilə bağlı keçirdiyi tvinninq layihəsi oldu. Qısaca izah etsək, burada əhalinin işləyən, gəliri olan qrupu bəzi həssas qrupa dəstək olur. Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilir. Bu da o deməkdir ki, heç kəs tibbi müayinələrdən keçməkdən çəkinmir və bir-birinə yardım etmək ənənəsi daha da güclənir, pulsuzluq, maddi çətinlik onların sağlamlıqlarının qayğısına qalmasına mane ola bilmir. Bütün bunların nəticəsində sağlam nəsil formalaşır.

Bu layihə Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilir. İki ildir davam edən pilot layihə yerli əhalinin səhiyyə xərclərini fantastik sürətlə azaldıb. Layihənin həyata keçirildiyi rayonlarda 1829 tibbi xidmət pulsuz göstərilir.

İnsan hüquqları ilə bağlı Aİ ilə münasibətlər xüsusi önəm daşıyır. 24 ay ərzində Azərbaycanda uğurla həyata keçirilən tvinninq layihəsi zamanı İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsinə, Ombudsman Aparatının institusional imkanlarının gücləndirilməsinə və idarəetmə informasiya sisteminin təkmilləşdirilməsinə, informasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsinə və Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsinə həsr olundu.

Almaniya, Polşa, Yunanıstan və Portuqaliya Ombudsman təsisatlarının ekspertlərinin nəzarəti ilə keçirilən layihə, istər Azərbaycan Ombudsmanının işinin təkmilləşdirilməsi, istərsə də bu layihəyə cəlb olunmuş ekspertlərin təmsil etdikləri qurumların fəaliyyətinin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətli oldu.

Son olaraq bu ilin yanvarında “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı tvinninq layihəsinin bağlanış mərasimi keçirildi. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirildi. Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifə sisteminin təsnifatlandırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sistemi ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirmək idi.

Qeyd edilənlər Aİ-nin Azərbaycanda reallaşdırdığı uğurlu layihələrdən sadəcə bir neçəsi idi. Odur ki, bu siyahını uzatmaq olar. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bu kimi tvinninq layihələrlə bağlı çıxışlarında həyata keçirilən tədbirləri və aparılan islahatları daim müsbət qiymətləndirir. O, Avropa İttifaqının bu sahədə fəaliyyətə və həyata keçirilən islahatlara dəstək göstərməyə daim hazır olduğunu bildirir.

Region və Kənd Yerlərinin İnkişafına Dəstək

Ai-nin Azərbaycanda apardığı əməkdaşlıq hədəflərindən biri də region və kəndlərdə inkişafa dəstəkdir. İqtisadiyyat Nazirliyi ilə birlikdə həyata keçirilən Kənd Yerləri və Regional İnkişafa Dəstək Proqramının (KYRİD) İcrasına Texniki Yardim Layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və Rayon İcra Hakimiyyətləri də qoşulmuş və bu günədək bir çox işlər görülüb. Aİ tərəfindən maliyyələşdirilən belə layihələrdən biri 13 dekabr 2017-ci ildə başlanan “Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək” layihəsi idi. Seçilən 44 pilot ailə arasında 10 köçkün ailəsi də var idi. Beləliklə, layihə Şəki- Zaqatala iqtisadi zonasında ailə bizneslərin köməklik etməklə yanaşı, regional sahibkarlığın və yeni iş yerlərin inkişafına dəstək olacaq.
Hazırda 44 ailə biznesini əhatələyən layihədən faydalananları sayı 300-dən çoxdur. Sevindirici məqam isə ailə bizneslərinin yarıdan çoxunun xanımlar tərəfindən yaradılmış olmasıdır.

“Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsi də bu qəbildəndir. Burada əsas məqsəd Gəncə-Qazax iqisadi rayonunun turizm potensialını təbliğ edərək yeni turist bazarlarında tanınmasını təmin etmək idi.
Avropa Iİttifaqının Azərbaycandakı Nümayəndəliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən maliyyələşdirilən “Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihə 3 pilot rayonda - Gədəbəy, Tovuz və Daşkəsəndə 18 bələdiyyəyə Yerli İnkişaf Planlarının hazırlanmasında yardım edir.

Gəncədə daha bir layihə 2018-ci ildə SOS Uşaq Kəndləri Assosiasiyası, Gəncə Aqrobiznes Assosiasiyası və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri tərəfindən icra olunan SEEDS layihəsi idi. Əsas məqsəd Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafa təkan və iş yerlərinin yaradılmasına dəstək olmaqdır.

Aİ-nin “Kənd yerləri və regionların inkişafına texniki dəstək layihəsi”nin ilk sahə səfəri 22 sentyabr 2019-ci ildə İmişlinin Telişli kəndində “Ruzgar” Ekoloji İctimai Birliyinin həyata keçirdiyi layihə ilə başlamışdı. İlk olaraq Avropa İttifaqının dəstəklədiyi “Kənd yerləri və regionların inkişafına texniki dəstək” proqramı çərçivəsində dəstəklənən layihələrin təqdimatları edilimiş, sonra isə “Ruzgar” Ekoloji İctimai Birliyinin Telişli kənd icması ilə birlikdə həyata keçirdiyi işlərlə tanışlıq olunmuşdur. Layihə çərçivəsində 5 istiqamətdə işlər həyata keçiləcək: 1) İcmaya məxsus otlaqların məhsuldarlığını artırmaq, suvarma sistemini təkmilləşdirmək; 2) Tərəkəmə xalçasının istehsal sexini yaratmaq; 3) Kənd təsərrüfatı məhsullarının satışı üçün yolüstü bazar tikmək; 4) Hələb keçiləri fermasını yaratmaq; 5) Balıq istehsalı üçün göl təsərrüfatını inkişaf etdirmək. Layihə çərçivəsində nəzərdə tutulan işlərin bir qismi, demək olar ki, görülüb. Məsələn, kəndin içindən keçən və əkin sahələrini əhatə edən kanal qazılıb, məşhur Hələb keçilərinin saxlanması üçün tövlənin tikintisi işləri yekunlaşmaq üzrədir. Saxlama şəraiti üzrə işlər bitən kimi keçilər alınaraq, icmaya təhvil veriləcək. Səfər iştirakçıları balıq gölünün ərazisinə də baş çəkiblər. Telişli icmasında 276 ailədə 1250 nəfər yaşayır. Ümumilikdə, bu layihələr reallaşarsa, ilkin mərhələdə 50-dən çox insan yeni iş yeri tapacaq.
Layihələrə qadınların cəlb olunmasına xüsusi diqqət ayrılır. Odur ki, bir çox bölgədə rəhbərinin qadın olduğu binzeslərin sayı artmaqdadır.

Əminliklə söyləyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlər bir qədər də möhkəmlənəcək.

Qeyd: “Avropa İttifaqı - Azərbaycan: Əməkdaşlığın üfüqləri” mövzusunda yazı müsabiqəsinə təqim olunur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Aİ   #Avropa_İttifaqı   #Avropa   #layihə   #Azərbaycan   #əməkdaşlıq  

Oxunub: 319