Xoyskidən Eyvazova qədər - Daxili İşlər Nazirləri (TAM SİYAHI)

Xoyskidən Eyvazova qədər - Daxili İşlər Nazirləri (TAM SİYAHI)


10:07     02 İyul 2019 2019/07/d4f2d57ec86b7a6551a8b7614fb6bad5-(1)_1562049343.jpg


Azərbaycanda polis günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi də yaradılıb. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə də Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb. Artıq 28 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir.

101 yaşını qeyd edən Azərbaycan Polisinin başında bu günə qədər hansı nazirlər dayanıb?

Femida.az ölkə polisinə rəhbərlik etmiş 28 nazirlə bağlı yazını təqdim edir:

Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirləri

1. Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28 may 1918 - 17 iyun 1918)
2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918- 26 dekabr 1918)
3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)

Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin 28 may - 17 iyun tarixilərində - 20 gün bu vəzifəni tutub. Xalq Cümhuriyyəti dövründə daha 5 nəfər bu vəzifəni icra edib.

AXC dövrünün daxili işlər nazirlərindən Fətəli Xan Xoyski Tiflisdə "Daşnaksutyun" partiyasının üzvləri tərəfindən qətlə yetirilib (1920-ci il 19 iyun). Behrud xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni Misak Torlakyan tərəfindən öldürülüb. Nəsib bəy Yusifbəyli 31 may 1920-ci ildə Kürdəmirdə, Məmmədhəsən Hacinski 8 mart 1931-ci ildə Tiflisdə qətlə yetirilib. Mustafa ağa Vəkilov 1943-cü ilin 30 aprelində sürgündə vəfat edib.

Xəlil bəy Xasməmmədov isə 1945-ci ildə İstanbulda dünyasını dəyişib. O, AXC-nin süqutunu Türkiyədə öyrənib. Həmin vaxt o, qardaş ölkəyə yenicə səfir təyin edilmişdi.

Azərbaycan SSRİ-nin daxili işlər nazirləri

1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)

Ölkəmiz SSRİ tərəfindən işğal olunduqdan sonra ilk daxili işlər naziri Həmid Sultanov olub. 1920-ci ilin 20 aprelində bu posta təyin edilən Sultanov 1921-ci ilin 1 iyununadək vəzifəsini icra edib. O, Azərbaycanın görkəmli maarifçisi, publisist və ədəbiyyatşünası Firidun bə Köçərlinin güllənmə əmrini verib (4 iyun, 1920-ci il). Həmid Sultanov həmçinin Azərbaycan SSRİ Maarif Xalq Komissarı, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri Ayna Sultanovanın həyat yoldaşı olub. Həmid Sultanov 1938-ci ildə Ayna Sultanova və qaynı, Azərbaycan SSRİ-də yüksək vəziflər tutmuş Qəzənfər Musabəyovla birlikdə repressiyaya məruz qalaraq xalq düşməni kimi güllələnib.

Azərbaycan SSRİ-nin ikinci daxili işlər naziri Mircəfər Bağırov olub (5 oktyabr 1921 - 22 may 1927). O, 1933-1953-cü illərdə Mərkəzi Komitənin I katibi olub. General-polkovnik 1955-ci ildə həbs edilərək istintaqa cəlb olunub. 12-26 aprel tarixlərində keçirilmiş məhkəmədə güllələnməyə məhkum edilib və hökm yerinə yetirilib.

Azərbaycan SSRİ-nin daxili işlər naziri olmuş daha bir şəxs - Arif Heydərov da öldürülüb. 1970-1978-ci illərdə bu postu tutan general-leytennant 1978-ci ilin 29 iyununda iş yerində qətlə yetirilib.

Müstəqil Azərbaycanın daxili işlər nazirləri

1. Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
2. Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
3. Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
4. Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
5. Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
6. Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
7. Usubov Ramil İdris oğlu (29.04.1994 - 20.06.2019)
8. Eyvazov Vilayət Süleyman oğlu (20.06.2019 - )

Azərbaycan Respublikasının ilk daxili işlər naziri Məhəmməd Əsədov olub. 23 may 1990-cı ildən 18 noyabr 1991-ci ilədək bu postu tutan milis general-mayoru erməni hərbi birləşmələrinin Xocavənd rayonu yaxınlığında Mi-8 vertolyotunu vurması nəticəsində şəhid olub.

Məhəmməd Əsədovun faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib. Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır.

Həmidov İsgəndər Məcid oğlu müstəqil Azərbaycanın 4-cü daxili işlər naziridir. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov 1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək daxili işlər naziri vəzifəsində çalışıb.

Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev 1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub. Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib.

Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziridir. O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Nazir təyinatınadək müxtəlif vəzifələrdə çalışıb. General-polkovnik Usubov 25 il Azərbaycanın daxili işlər naziri olub.

Ötən ayın 20-də prezidentin sərəncamı ilə Usubovun yerinə müavini Vilayət Eyvazov gətirilib. O, 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Femida.az

Açar sözlər: #Eyvazov   #Usubov   #DİN   #polis  

Oxunub: 5734