Birinin cəsədi 43 gün sonra alınan, birinin məzarı Şuşada olan MİLLİ QƏHRMANLAR


10:47     02 İyul 2019 2019/07/drhy_1562051090.jpg

Bu gün Azərbaycanın 2 Milli Qəhrmanı - 2 Ramiz Qəmbərov və Kərim Kərimovun doğum günüdür. Onlar hər ikisi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü.

Ramiz 2 iyul 1962-ci ildə Şuşada anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. 1980-ci ildə hərbi xidmətə çağırılıb, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıdıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olub. Amma təhsilini başa çatdıra bilməyib.

Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdi. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulur. 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradır və bu batalyonun başçısı olur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılır və bu döyüşdə cəsur komandir ağır yaralanır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ramiz Qəmbərov Şuşada dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilib.

Kərim Kərimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Kərim 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tümenə gedərək komandir məktəbinə daxil olub. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edib, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar.

İlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. 1992-ci il 6 mayda düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır, Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.

Azərbaycan Respublikası prezidentinin 11 sentyabr 1992-ci il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qarahəsənli kəndində qəhrəmanımızın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var.

Femida.az

Açar sözlər: #şəhid   #milli_qəhrəman   #Qarabağ  

Oxunub: 4307