Xərçəng, diabet, uşaq düşməsi, ürək xəstəlikləri... - Şəkərli içkilərin yaratdığı fəsadlar


16:05     02 İyul 2019 19_07_02_1562069167.jpg


“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən istehsal edilən və ölkəyə idxal olunan qida məhsulları ilə bağlı risk əsaslı nəzarət tədbirləri həyata keçirilir”.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qurumun açıqlamasına görə, məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər:

“Həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) qida təhlükəsizliyi yoxlamaları aparılır və məhsullar laborator müayinələrə cəlb olunur.

Şəkərli qazlı içkilərin tərkibində istifadə olunan aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizm üçün zərərlidir. Şirinliyi 200 şərti vahid təşkil edən aspartam hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur.



Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin əmələ gəlmədiyinə görə, faydasız bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara aspartamdan əlavə saxarin, kalium afsesulfat və s. misal göstərə bilərik. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə şəkərli içkilərdə energetik səmərə əldə olunur.

Amerika Ürək Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir.

Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyəri göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul edilən yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur.



Aparılmış tədqiqatların nəticələrinə görə, şəkərli içki qəbul edən insanlarda daxili piylənmə şəkərli içki içməyənlərlə müqayisədə daha yüksəkdir. Bundan başqa, şəkərli içki istehlakı yüksək olan insanlarda hətta mütəmadi idmanla məşğul olmalarına baxmayaraq, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir”.

Qurumdan bildirilib ki, vətəndaşların satış müəssisələrində satılan bu cür içkilərlə bağlı qida təhlükəsizliyi ilə bağlı sikayətləri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #cola   #fanta   #sprite   #içki   #AQTA   #AQTİ   #şəkər   #xəstəlik   #qida   #sağlamlıq  

Oxunub: 1891