Madagizi iki dəfə azad edən, beş ermənini təkbaşına öldürən komandir: Koroğlu Rəhimov


11:14     03 İyul 2019 19_07_03_1562138128.jpg

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, leytenant, N saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri Koroğlu Rəhimov...

Femida.az xəbər verir ki, bu gün onun şəhidlik zirvəsinə ucaldığı gündür.


Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalına, Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gələrək, Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə yollanan Rəhimov 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurub və yarımçıq qalmış təhsilini tamamlayıb. Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb. Koroğlu təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdi.



Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 martda Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılır. 30 apreldə N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunur. 13 iyunda bölük Goranboyun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edir. Dəstə 15 ermənini məhv edərək 4 nəfəri əsir götürür, xeyli silah-sursat ələ keçirir. Koroğlu təkbaşına 5 düşməni məhv edir. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən alındı.

21 iyunda Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Koroğlu ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir.

3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. O Ağdərə yaxınlığındakı üçüncü savxozu ermənilərdən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. Cəsarətli komandirin şəhid bütün döyüş yoldaşlarını təəccübləndirir. Vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.


Bakının Nərimanov rayonunda Koroğlu Rəhimovun büstü

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Atası İsmayıl Rəhimov müəllim, anası Sura xanım evdar qadın idi. İki qardaşı və iki bacısı var. 1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı quran Koroğlunun bu dünyada 3 yadigarı var: Rəşad, Samir, Ülviyyə. Nəvələrindən biri babasının adını yaşatmaqdadır.



Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub. Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.

Ölümündən sonra qəhrəmanlığı haqqında şeirlər, məqalələr, kitablar yazılıb. 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən "Vətənim mənim" filmi Koroğlu Rəhimova həsr olunub. Həmin il Etibar Məmmədovun ssenarisi əsasında "Əbədiyyətə qovuşan Koroğlu" filmi ekranlaşdırılıb. 40 dəqiqəlik ekran əsərində Koroğlu Rəhimovun döyüş yolu öz əksini tapıb.


Mənbə: vikipediya

Femida.az

Açar sözlər: #milli_qəhrəman   #şəhid   #Qarabağ   #Koroğlu_Rəhimov  

Oxunub: 3970