Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib


21:33     04 İyul 2019 tikinti-fehle-isci-.jpg

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Ağsu Fövqəladə Hallar Komissiyasından Femida.az-a verilən məlumata görə, hazırda qəzalı evlərin 198-i sökülüb yenidən tikilir: "Artıq 16 evin tikintisi başa çatdırılaraq sakinlərə təhvil verilib. Həmin evlərin 13-ü şəhər ərazisində, 3-ü isə kəndlərdədir. Tikilməkdə olan digər evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər hissə-hissə ailələrə təhvil veriləcək".

Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlərin söküntü işləri davam etdirilir: "Bundan başqa, rayon ərazisində zəlzələ nəticəsində zədələnən 81 evdə bərpa işləri aparılır. Artıq 5 evdə bərpa işləri başa çatdırılıb. Yaxın günlərdə təmirə ehtiyacı olan evlərdə də işlər başlanacaq".

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 404