Tələbəni amansızlıqla öldürən şəxs həbsdə qaldı


10:21     05 İyul 2019 terror%20hebs.jpg

Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Rauf Murğuzovun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyanın qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu, Atatürk prospekti, ev 2a ünvanında baş verib. Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 10.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 3261