Bakıda antinsanitar vəziyyətdə işləyən süd sexi aşkarlandı - Fotolar


12:28     05 İyul 2019 2019/07/1562314760img-20190704-wa0002_jpg_1562315171.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlayıb. Qurumdan Femida.az-a verilən məlumata görə, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil.

Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.

Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir.

Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.

Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.









Femida.az

Açar sözlər: #AQTA   #qida   #süd  

Oxunub: 778