Azərbaycan iqtisadiyyatının ən böyük dayağı: Dövlət Neft Fondu


18:11     05 İyul 2019 2019/07/729228_493561_1562335758.jpg


Yazı ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə "Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur



Azərbaycan müstəqillik qazandıqdan sonra böyük neft potensialına malik olsa da, bu potensialı düzgün istiqamətləndirə biləcək gücdə deyildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra imzalanan əsrin müqaviləsi ölkədə yeni neft strategiyasının da təməlini qoydu. Strategiyanın əsas məqsədi neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək, zəngin neft ehtiyatlarından xalqın rifahı naminə səmərəli istifadə etmək idi.

Neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilməsini şərtləndirdi. Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə ARDNF yaradıldı. Adətən neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Eləcə də bu proses Azərbaycanda ARDNF-ın timsalında yaşanmaqdadır.

ARDNF-in missiyası
Yaradıldığı gündən bütün maddi hesabatlarını xalqa açıq şəkildə bəyan edən ARDNF şəffaflıq nümunəsidir. Bu isə onu Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıran beynəlxalq səviyyəli maliyyə təşkilatına çevirib. Dövlət Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, gəlir və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub. ARDNF-nin vəsaitləri dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə, eləcə də hər hansı bir subyektin öhdəliklərinin təmin edilməsinə istifadə oluna bilməz.
Ümumiyyətlə ARDNF suveren fond olaraq qısa müddətdə əldə etdiyi uğurlar sayəsində Azərbaycan iqtisadiyyatında güclü təkan rolunu oynayıb. Bunlardan sadəcə bir neçəsini sadalamaq kifayətdir. Belə ki, 2003 – cü ildən etibarən artıq bu fond gəlirlərinin bir hissəsini dövlət büdcəsinə transfer etməyə başladı. Aktivlər isə qısa zaman kəsiyində sürətlə böyüdü. 2005 – ci ildə aktivlərin həcmi 1 milyard dolları keçdi. 2007-ci ildə bu rəqəm 2 milyard, 2008 –ci ildə 10 milyard, 2012 – ci ildə isə 30 milyard dollar çatdı. 2019-cu ilin 31 mart tarixinə olan məlumata görə isə fondun aktivləri 40 milyard dolları ötüb. 2018 –ci ildə ARDNF dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşdı.

Fondun investisiyaları
Fondun investisiya portfelinin 10%-ə qədəri qızıla, 10%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər. 31 mart 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 71,75 tona (2 306 676 troya unsiyası) çatdırılıb. ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmaqdadır.
Londonda 285,6 milyon dəyərindəki ofis kompleksi, Moskvada 133 milyon dollar dəyərindəki “Qalereya Aktyor” ofis-ticarət mərkəzi, Parisdə 180 milyon dollar olan ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi, Seulda 447 milyon dollar dəyərindəki “Payn Avenyu A qülləsi” ofis kompleksi, Tokioda 432 milyon dollar dəyəri olan Kirarito Ginza ticarət obyekti, Milanda 111 milyon dollar qiyməti olan Palazzo Turati ofis binası fondun daşınmaz əmlaka yatırdığı investisiyalar sırasındadır.

Maliyyələşdirdiyi layihələr
Qaçqın və məcburi köçkünlərə yardımlar - Dövlət Neft Fondu 2001-ci ildən Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Abşeron rayonu habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binalar, fərdi yaşayış evləri, sosial-mədəni, infrastruktur və digər obyektləri tikilib.
Bu tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər tam şəffaf şəkildə müvafiq qurumların hesablarına köçürülür və sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ARDNF 2,3 milyard manatdan çox vəsait ayırıb.

Su kəməri və suvarma layihələri - "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsi yüzminlərlə insanın içməli su problemini həll edən addım idi. ARDNF tərəfindən bu layihə üçün 2006-2011-ci illər ərzində 780 milyon manata yaxın vəsait ayrıldı. Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin 28 dekabr tarixində istismara verildi. Əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.
Dövlət Neft Fondunun həyata keçirdiyi analoji layihlərdən biri də “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsidir. Layihənin maliyyələşdirilməsinə dair imzalanmış müqavilələr üzrə ümumilikdə 1,5 milyard manata yaxın vəsait istifadə olunub.

Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon bareldir. ARDNF bu layihədə də Azərbaycanın payının maliyyələşdirilməsini həyata keçirib. 2002-2007-ci illər ərzində ümumilikdə 298 milyon manat BTC-nin Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə yönəldilib.

Bakı-Tbilisi-Qars dəmir yolu - Daha bir beynəlxalq əhəmiyyətli layihə isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlıdır. Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli sazişə əsasən, bu yol Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar kredit ayrıldı.
Dəmir yolu layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu həyata keçirdi. Fond tərəfindən Kreditora ümumilikdə 745,9 milyon dollar ayrıldı və layihə üzrə Fondun 2018-ci ildə nəzərdə tutulmuş büdcəsinin müvafiq xərc maddəsi 100% icra olundu.

STAR neft email zavodu - Türkiyədə "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi də ARDNF-a aiddir. 2011-ci ildə Prezident İlham Əliyev və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan zavodun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq. Layihənin səhmlərinin 40%-nin maliyyələşdirilməsi ARDNF-ə tapşırıldı. Layihənin əvvəlindən bu günə qədər ARDNF tərəfindən 1,4 milyard dollar yaxın vəsait ayrılıb. Layihənin toplam dəyəri təqribən 6,3 milyard ABŞ dolları təşkil edir.

Xaricdə təhsil üzrə Dövlət Proqramı - "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Prezidentin Sərəncamına uyğun olaraq qeyd olunan Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilib.
Proqramın icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilib. Bu illər ərzində ARDNF yüzlərlə tələbəni xaricdə təhsil almağa göndərib və onların xərclərini qarşılayıb.

“Cənub Qaz Dəhlizi” – Layihənin həyata keçirilməsi məqsədi ilə təsis edilən “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyətə fond tərəfindən uzunmüddətli investisiya edilib. ARDNF tərəfindən Azərbaycanın layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 25 milyard dollardan çox vəsait geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilib.
ARDNF tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1,2 milyard dollar vəsait ayrılıb.

Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən etibarən dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, maliyyə qurumları, bankları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri ARDNF-yə mütəmadi səfərlər edir, Fondun valyuta ehtiyatlarının artımı dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində ARDNF-nin yeri və mövqeyi, habelə müasir iqtisadi tənzimləmə və maliyyə mexanizmlərinin tətbiqi imkanları, ARDNF-nin investisiya siyasəti barədə fikir mübadilələri aparılır. ARDNF Suveren Fondların Beynəlxalq Forumu vasitəsi ilə digər suveren fondlar ilə əməkdaşlığını davam etdirir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Amerika Ticarət və İnkişaf Agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü kimi beynəlxalq təşkilatlarla iqtisadi siyasət və tərəfdaşlıq fəaliyyətini həyata keçirir.

Sonda
Fondun 2018-ci il büdcəsinin gəlirlərini 17 614,1 milyon manat və yaxud 115 faiz səviyyəsində, büdcə xərclərini isə 11 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edib. 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilib. 2019-cu il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 67,4 milyard manata bərabər götürülür. Bu da o deməkdir ki, ARDNF ildən ilə böyüyür, güclənir, layihələrin sayı artır və ölkə iqtisadiyyatının böyüməsinə təkan verir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #neft   #ARDNF   #fond  

Oxunub: 2017