Bu şəxslərə zabit rütbəsi verildi - VİDEO


10:53     07 İyul 2019 19_07_07_1562481372.jpg

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara rütbə və sertifikatların təqdim edilməsi mərasimi keçirilib.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlardan və silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan maksimum istifadə edilib.

Kursa cəlb edilmiş heyətin virtual təlim meydançasında qazandığı yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. General-leytenant Kərəm Mustafayev deyib ki, zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir: “Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir.”

Sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra kurs zamanı ümumqoşun, ixtisas və fiziki hazırlıqda fərqlənən məzunlar mükafatlandırılıblar.

Kurs birincisi Şıxəmir Rəşidov xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunlar döyüş bayrağı qarşısında and içiblər.

Sonra polkovnik Vəli Nadirov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb.

Tribuna önündən təntənəli keçiddən sonra məzunlarla xatirə şəkli çəkdirilib.



Femida.az

Açar sözlər: #zabit   #hərbçi  

Oxunub: 1705