"Ordu kazarmalara, köçkünlər doğma evlərinə qayıtmalıdırlar" - Bahar Muradova


13:18     08 İyul 2019 19_07_08_1562577563.jpg


Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir.

Femida.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib.

ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir: "Bu, bizim evimizdir, biz burada doğulmuşuq. Bu küçədə bizim uşaqlıq illərimiz keçib. Məktəbimizi, dostlarımızı, şəhərimizi necə unudaq? Doğmalarımızın məzarları buradadır. Biz yurdumuza qayıtmaq, bu məzarları ziyarət etmək istəyirik. Mənim ölkəmin işğal olunmuş hissəsində onlarca belə şəhər və kənd var. Həmvətənlərimizin, mənə doğma insanların ruhu orada dolaşır. Bunu demək çox ağırdır".

B.Muradova daha sonra əlavə edib ki, miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.

O, iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib, lakin Ermənistana müraciətlə Azərbaycanın təklif etdiyi "hamının hamıya" dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bundan əlavə o, konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb, qeyd edib ki, "danışıqlar xatirinə danışıqlar" məsələni düyünə salır.

Deputat çıxışının sonunda deyib: "Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar".

Femida.az

Açar sözlər: #ordu  

Oxunub: 362