Azərbaycanda din və media


18:00     08 İyul 2019 2019/07/1(156)_1562592698.jpg


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.


Qəzetlər, jurnallar, televiziya, onlayn media və s. insanları doğruluğa yönəltmək üçün böyük bir vasitə olduğu kimi həm də bütün bir xalqı uçuruma sürükləyə biləcək qüvvəyə malikdir. Bıçaq kimidir: qatilin əlində zərərli, həkimin əlində faydalıdır...

İnsanların onlara xəbər verəndən istədiyi bir şey var: orijinal, düzgün və təhlükəsiz informasiya. Dinin insanlara düzgün formada çatdırılması, onun gerçək amalı, milli-mənəvi dəyərlərin təbliği medianın üzərinə böyük məsuliyyət gətirir. Bu baxımdan jurnalistlərin hər kəsdən öncə dinlə bağlı geniş bilgiyə malik olması vacibdir. Tolerantlığa nümunə ölkələr sırasında olan Azərbaycan bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. Lakin bəzən mənfi qüvvələr bu dini plüralizmi tam əks formada təqdim etməyə, insanları çaşdırmağa çalışır. Məhz bu nöqtədə medianın işinə ciddi ehtiyac duyulur.

Din və media münasibətləri

Azərbaycan mətbuatı “Əkinçi” yarandığı gündən dini xurafata qarşı mübarizə aparıb. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim cəhalətə qarşı olub. Lakin dini xurafatla əsl dinin tam başqa anlayışlar olduğunu unutmamalıyıq. Azərbaycan mətbuatının ənənələri var. Media hər kəsin dini inancına hörmət etməlidir. Jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən qaçmalıdır. Media nümayəndələri dini sahədə yazı yazarkən məlumatları ictimaiyyətə düzgün çatdırmalıdır. Jurnalistlər Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər.

Bu sahədən yazan jurnalistin islamla yanaşı digər bütün dinlərdən məlumatı olmalıdır. Düzdür, onun ilahiyyatçı olmasına gərək yoxdur. Lakin elementar biliklər vacibdir. Etiraf etmək lazımdır ki, din və media məsələsində heç də bütün jurnalistlərimiz yetərli informasiyaya sahib deyillər. Dini məsələlərdən yazan jurnalist mütləq bu sahənin çox həssas mövzu olduğunun fərqinə varmalıdır. Dinlə bağlı gözlənilməz bir səhv bir anda toplumun böyük bir kəsimini yerindən oynada bilər. Son illərin təcrübəsi göstərir ki, dünyada dinə görə böyük iğtişaşlar, etirazlar baş verə bilir. Qatı dindar və ya qatı ateist ekspertlərə mətbuatda yer vermək düzgün deyil. Çünki o, müəyyən bir kütlənin sərt etirazına səbəb ola bilər. Nəticədə dini dözümsüzlük və qarşıdurma yaranar.

Bu ilin aprelində Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda keçirilən konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı demişdi: “Azərbaycanda dini ideoloji təhlükəsizlikdə medianın böyük rolu var. Media təhrifə yol verməməlidir, hansısa radikal fikirləri qabardaraq cəmiyətə yayılmasına şərait yaradılmamalıdır. Medianın cəmiyyətə informasiyanı düzgün çatdırmasının böyük əhəmiyyəti var. Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla yanaşmalıdırlar. O qeyd edib ki, hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir.

Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycanda dövlət-din münasibətlərinin həyata keçirilməsində qarşıda iki mühüm vəzifə dayanır. Birincisi dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq. İkincisi dini xurafata qarşı mübarizə aparmaq”.

Sosial şəbəkələr və din

Günümüzdə sosial şəbəkələr artıq medianın bir qoluna çevrilib. Bir çox ölkələrdə ona artıq sosial media deyirlər. Burada hər kəs öz fikirlərini geniş auditoriyaya çatdıra bilir. Bunun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Sosial şəbəkədəki azadlıqdan istifadə edən bəzi şəxslər isə dini siyasiləşdirməyə, dindaxili cərəyanlar yaratmağa çalışır. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, dini radikalizm fikirlərinin yayılması yalnız və yalnız düzgün təbliğatla aradan qaldırıla bilər. Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə təbliğat aparırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar.

Sosial şəbəkələrdə insanlar gerçək kimliklərini gizlədərək saxta profillərlə din haqqında ağlagəlməz şeylər paylaşırlar. Kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media inanclı şəxslərlə inancsızlar arasında körpü rolunu oynaya bilır. İnsanları bir-birinin inancına hörmət edən çağırışlara yer verilməlidir.

Sırf bu məsələ ilə bağlı DQİDK-nın sədri Mübariz Qurbanlı bildirir:
"Sosial şəbəkələrə nəzarət vacibdir. Bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir. Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir. Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".



Dünyada din və media

Media, təklif etdiyi bütün imkanlarla birlikdə, qlobal mədəniyyətin nüfuzlu bir daşıyıcısıdır. Dünyada bu münasibələr çox fərqlidir. Məsələn, qonşu Türkiyədə Ramazan bayramı az qala festival kimi qeyd olunur. Bir ay ramazan verilişləri, iftar süfrələrinə aid reklamlar, dini söhbətlər və s. medianın gündəmindən düşmür. Yaxud İranda məhərrəm ayı ümumxalq hüznü əhvalında keçirilir.

Durmadan inkişaf edən media imkanları dünyada ənənəvi dini sosiallaşma mühitini dəyişir. Artıq dində yeni sosial qruplar yaranıb. Yeni dini icmalar (onlayn icmalar, onlayn dua qrupları və s.) meydana gəlib.

Amerika və Avropa ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdaır. Bu marağın nəticəsi kimi media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatları hazırlanır, simpoziumlar və konqresslər təşkil edilir. Ancaq Azərbaycanda, xüsusilə də akademik mühitdə media və din arasındakı əlaqənin əhəmiyyəti barədə məlumatlılıq yoxdur. İlahiyyat fakültələrində sırf media və din əlaqələrindən bəhs edən əyani vəsait demək olar ki, yoxdur. Buna görə də, əlaqədar sahələrdən məzun olan tələbələr bu məzmunda məlumatlı olmurlar və peşə həyatında bu cür problemlərin mənbələrinə çevrilə bilirlər.
Ancaq son illərdə bir sıra inkişafları da gözardı etmək olmaz. Media və din bağı möhkəmləndikcə problemli sahələri görmək, onları tez aradan qaldırmaq mümkün olacaq. Ona görə də, bu sahənin inkişafı və onun iştirakının monitorinqi vacibdir.

Addımlar və nəticələr

Ölkəmiz müsəlman və xristian ölkələrin qonşuluğunda yerləşir. Şimalda Rusiya kimi ən köklü xristian xalqlardan biri, cənubda isə İran kimi qatı müsəlman ölkə mövcuddur. Bununla belə Azərbaycan həmişə balansı qoruyub saxlamış, dini və milli dəyərlərini qorumaq şərtilə digər dinlərin də sərbəst şəkildə özünü ifadəsinə şərait yaratmışdır. Bu aspektdən Azərbaycan həm Avropa, həm islam ölkələrinə nümunə ola bilər.
Azərbaycan dövlət olaraq həmişə İslam həmrəyliyi mövqeyindən çıxış edib və nadir ölkələrdən biridir ki, tarixində məzhəb zəminində hər hansı münaqişə və ciddi ixtilaf olmayıb. Bu gün dünyada baş verən hadisələr fonunda Azərbaycanda ənənəvi məzhəblər arasında qardaşlığın möhkəmləndirilməsi mühüm məsələdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparır. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır. DQİDK Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə mütəmadi reydlər keçirir. Dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışının, dini radikalizm və ekstremizmin təbliğinin qarşısısı alınır. Təbii ki, medianın bu cür məlumatları düzgün formada cəmiyyətə çatdırması vacibdir.
Ümumiyyətlə, Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb. Demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Məhz bu nöqtədə media işə qoşulmalı və görülən tədbirləri, onun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu aşılamalıdır.

Və sonda...

Dini mövzulara təkcə Ramazan ayında yer ayırmaq düzgün deyil. Bir media orqanı dinin müsbət cəhətlərini mütəmadi göstərməklə insanlara mənəvi rahatlıq bəxş edə bilər. Bəzən dini dəyərlər, həqiqətlər təhrif edilir. Bəzi media qurumları reytinq, rəqabət və maddiyat xətrinə dindən sui istifadə edir. Bu problem həll olunmadıqca media və din arasındakı əlaqə ürəkaçan səviyyəyə gəlib çatmayacaq. Məqalənin əvvəlində qeyd etdiyim kimi, media bıçaq kimidir: qatilin əlində zərərli, həkimin əlində faydalıdır. Odur ki, bütün həmkarlarımı bu imkandan ən faydalı şəkildə istifadə etməyə, dinin müsbət tərəflərini insanlara ən dolğun və dürüst şəkildə çatdırmağa dəvət edirəm.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #din   #media   #DQİDK  

Oxunub: 2097