"Vətəndaşlar qanuni daşımalara üz tutmalıdır" - BBAK-dan Masallıdakı qəzaya MÜNASİBƏT


13:00     09 İyul 2019 19_07_09_1562662657.jpg


Bu gün səhər saatlarında Masallı rayonunda baş verən faciəvi qəza qeyri-qanuni daşımalarla məşğul olan sürücülərlə bağlı məsələni gündəmə gətirdi. 8 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası törədən sürücü Nizami Mustafayev qeyri-leqal sərnişindaşıma ilə məşğul olub. Bu cür hallarla daim mübarizə aparılsa da, təəssüf ki, bəzi sərnişinlər bu cür daşımalara üstünlük verir.


Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Pərvin Məmmədova Femida.az-a açıqlama verib:

“Təəssüf ki, səhəri faciəvi qəza xəbəri ilə açdıq. Hər zaman qeyd edirik ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yalnız Avtovağzal ərazisindən çıxan avtobuslara cavabdehdir. Əfsuslar olsun ki, hələ də bəzi sərnişinlər qeyri-qanuni daşımalara üstünlük verirlər. Biz vətəndaşları qanuni daşımalara üz tutmağa çağırırıq. Çünki BBAK nəzdində fəaliyyət göstərən avtobuslar hər reys öncəsi texniki baxışdan keçir. Eləcə də sürücülər tibbi müayinə edilərək yoxlanılır. Reysqabağı avtonamaşında, yaxud sürücünün səhhətində hər hansı nasazlıq olarsa, biz lazımı tədbiri görürük. Ola bilər ki, bu reysin 20-30 dəqiqə gecikməsinə səbəb olur. Amma nəticədə sərnişinlər təhükəsiz vəziyyətdə mənzil başına çatırlar. Avtovağzal Kompleksindən çıxan avtomaşınlara hərtərəfli nəzarət olunur.



Qeyri-qanuni daşımalarda isə bu proseslər həyata keçirilmir. Bu cür halların qarşısının alınmasında sərnişinlər də bizə kömək etsə, bu problemin öhdəsindən daha tez gələ bilərik”.

“Qeyri-qanuni daşımalarla bağlı bizim sürücünü və ya vətəndaşı cəzalandırmaq səlahiyyətimiz yoxdur. Biz sadəcə maarifləndirmə işi aparırıq. O cür daşımalarla mübarizəni müvafiq qurumlar aparır. BBAK gündən-günə sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün xidmət səviyyəsinin artırmağa çalışırıq”, - deyə Pərvin Məmmədova qeyd edib.

Xatırladaq ki, daha əvvəl 2017-ci ildə Bakıdan Sumqayıta qeyri-qanuni sərnişin daşıma ilə məşğul olan Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu 5 nəfərin ölümü, 21 nəfərin yaralanmasına səbəb olmuşdu. Ölənlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri idi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Masallı   #qəza   #BBAK   #avtovağzal   #sərnişin  

Oxunub: 2367