Politoloqdan sərt yanaşma


14:39     06 Noyabr 2015 elxan%20s8.jpg

Elxan Şahinoğlu: “Qarabağ məsələsində nə Rusiya, nə də Qərbdən mədət ummalıyıq...”


Politoloqun sözlərinə görə, AŞ PA bütün digər qətnamələrində Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etdiyindən, Ermənistan qurumda Dağlıq Qarabağla bağlı yaradılan alt komissiyanın işinə qatılmaqdan yayınır:

“Çünki bilir ki, AŞ PA üçün önəmli olan üzv ölkələrin ərazi bütövlüyüdür. Bizim üçün önəmli olan Qarabağdır. Bu məsələdə isə AŞ PA birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.

AŞ PA-nın belə prinsipial mövqedən çıxış etdiyi bir dövrdə Rusiya sülhməramlılarının “KTMT bayrağı” altında Qarabağda yerləşdirilməsi barədə xəbərlər də intensiv şəkil alıb. E.Şahinoğlu bu xüsusda Ermənistan mediasında KTMT-nin baş katibinin müavini Valeri Semerikovun bir müddət öncə İrəvanda verdiyi açıqlamaya diqqət çəkdi: “Rusiyalı rəsmisi guya deyib ki, ”bizim təşkilat yalnız KTMT-yə üzv ölkələrin ərazisində deyil, ondan kənarda da sülhməramlı missiya gerçəkləşdirə bilər və bu sırada Dağlıq Qarabağ da var".

Bu açıqlamanın dəqiqləşdirilməsinə ehtiyac var. Çünki xəbəri Ermənistanın “Aykakan Jamanak” qəzeti yayıb. Ermənistan mediası isə adətən başqalarının Azərbaycan haqqında açıqlamalarına “zəruri əlavələr” edir. Dəfələrlə olub ki, Rusiya və Qərb rəsmiləri və diplomatları İrəvanda dediklərinin yanlış yayınlandığını bildirərək, fikirlərinin doğru çatdırılmamasından şikayət ediblər. Buna baxmayaraq, bütün hallarda rəsmi Bakı rusiyalı rəsminin belə bir açıqlama verib-vermədiyini aydınlaşdırmalıdır. Əgər KTMT Semerikov həqiqətən təşkilatın Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərilməsi mümkünlüyünü dilə gətiribsə, ona müvafiq cavab verilməlidir.

Birincisi, Azərbaycan KTMT üzvü deyil və Azərbaycanın razılığı olmadan bu təşkilat Dağlıq Qarabağda silahlı qüvvələrini yerləşdirə bilməz. İkincisi, KTMT dedikdə Rusiya başa düşülür. Rəsmi Bakı isə Dağlıq Qarabağda yalnız Rusiya “sülhməramlılarının” yerləşdirilməsinə razılaşa bilməz. Bu, faktiki, Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaracaq. Təşkilatın silahlı qüvvələrində quruma daxil olan Qazaxıstanın, Belarusun və Qırğızıstanın silahlı qüvvələri də önəmli paya malik olsaydı, onların Dağlıq Qarabağda yerləşdirilməsini müzakirə etmək olardı. Çünki adıçəkilən hər bir dövlətin Azərbaycana tərəfdaş münasibətləri var və bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Rusiya “sühməramlılarının” Dağlıq Qarabağda yerləşdirilməsi 1994-cü il ATƏT-in Budapeşt sammitinin qətnaməsinə də ziddir. Həmin sammitin qərarına görə, Dağlıq Qarabağda hər hansı dövlətin sülhməramlı qüvvələrinin nisbəti ümumi sayın 30 faizini aşmamalıdır. Daha sonrakı qərara görə isə sülhməramlı qüvvələr işçərisində maraqlı (həmsədr) dövlətlərin - Rusiya, ABŞ və Fransanın silahlı qüvvələri olmamalıdır. NATO illərdir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edir, ərazi bütövlüyü prinsipini ön plana çəkir".

Politoloq xatırlatdı ki, NATO Parlament Assambleyasında da işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması vacibliyi vurğulanır: “ATƏT-in demədiyini NATO bildirir. Elə tək bu amilə görə Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirməyə çalışmalıdır. Məhz bu səbəbdən Qarabağ məsələsində NATO ilə Rusiyanın mövqeləri üst-üstə düşmür. Hələ heç bir rusiyalı rəsminin dilindən ”işğal altındakı torpaqlar boşaldılmalıdır" fikrini eşitməmişik. Bununla belə, Qarabağ məsələsində NATO ilə Rusiyanın toqquşacağını proqnozlaşdırmıram. Çünki təəssüflə qeyd etməliyəm ki, həm Qərb dövlətləri, NATO, həm də Rusiya üçün münaqişənin həlli arxa planda yer alıb. Qərblə Rusiya Ukrayna və Suriya məsələsinə görə baş-başa gəliblər. Hər iki qütb münasibətlərdə əlavə problem yaşamaq istəmirlər. Ona görə də Qarabağ məsələsinin həllində biz nə Rusiya, nə də Qərbdən mədət ummalıyıq. Özümüz hərəkətə gəlməsək, başqa bir qüvvə bizim əvəzimizə problemi həll etməyəcək"./musavat/

Açar sözlər:

Oxunub: 1170