Tankçılarımız real döyüşə necə hazırdır? - Yeni görüntülər


12:37     10 İyul 2019 19_07_10_1562747927.jpg

Azərbaycan Respublikasının ordu arsenalında yer alan Rusiya istehsalı olan T-72 tankı hazırkı dövrdə modernləşdirmə işləri aparılaraq müasir müdafiə və optik müşahidə, nişangah cihazları ilə təhciz edilib.

Hazırda, T-72 tankları 40-dan çox ölkədə öz xidmətini davam etdirir və bir çox müharibələrdə də aktiv şəkildə istifadə olunub. Bu tanklardan ilk dəfə olaraq döyüş meydanlarında 1982-ci il İsrail-Suriya müharibəsində istifadə edilib. Bu tankın ən xarakterik xüsusiyyətlərindən biri də budur ki, onlar hələ istehsal edildikləri ilk vaxtlardan etibarən öz “Qərbli rəqib”indən çəkilərinin az olması ilə seçiliblər.

Hazırda Silahlı Qüvvələrimizin aktiv istifadəsində olan T-72 M1 tankı son dərəcə müasir hava hücumundan müdafiə, maskalanma üçün tüstü-düman balonları, müasir nişangah və müşahidə cihazları ilə təhciz edilib. Tankın üzərində arxa və ön tərəfdən yerüstü hədəflərdən qorunmaq üçün pulemyot da quraşdırılıb. Hərəkətdə olan zaman əsasən arxa tərəfdən tanka atılacaq TƏİR və digər silahları istifadə edən hərbçiləri, eyni zamanda yüngül zirehli nəqliyyat vasitələrini sıradan çıxarmaq üçün bu silahdan istifadə imkanları əlçatandır. Çəkiliş zamanı şərti düşmənin texnikalarını məhv edib, təyin edilən məntəqəni ələ keçirib, möhkəmlənmək tapşırığı verilir. “N” saylı hərbi hissənin tank bölüyünün birinci taqımına həyəcan siqnalı verildi...




(Video)


Tank bölməsinin komandiri zabit Rəşad Atakişiyev şəxsən əks-həmlə hərəkatına başçılıq edir. Tapşırıq əsnasında təhlükəsizlik tədbirlərini nəzərə alaraq suallarımıza cavab da aldıq. Əvvəlcə T-72 M1 tankının təyinatı barədə sualımız cavablandırılacaq.


Rəşad Atakişiyev: “Hazırda gördüyünüz tank T-72 M1 tankıdır. Ekipajı üç nəfərdən ibarətdir. Mexannik sürücü, tuşlayıcı sürücü və tank komandiri. 125 mm-lik yivsiz top var üzərində. Üç cür mərmisi var. Kumulyativ mərmi, qəlpəli fuqas mərmi və zirehdələn mərmi. Ayrıca mərmi çapı NATO standartı 120 mm olan “Rheinmetall” topundan da böyükdür, amma uzaq mənzilə atəş zamanı təsir gücü “Rheinmetall” yivsiz topundan daha zəifdir. Əsas silahının çapının daha böyük olması səbəbi ilə bu tank qərbli rəqiblərindən daha üstündür və istənilən qərbli rəqibini zərərsizləşdirib məhv edə bilər. Tankın əsas silahının maksimum təsir məsafəsi 9100 metrdir. Maksimum nişan alma mənzili 4000 metrdir. Üzərində iki ədəd pulemyot quraşdırılıb. Biri alçaqdan uçan hava hədəflərini məhv etmək üçün, digəri isə PKT pulemyotudur ki, bu da topla birləşdirilib və düşmən atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulub. Tankların üzərindəki kvadrat hissələr aktiv mühafizə dəstləridir. Düşmən atəş vasitələrindən gələn mərmilər həmin aktiv mühafizə dəstinə dəyir və partlayış baş verir. Aprel döyüşlərində özünüz də gördünüz ki, bizim tanklar və tankçılar düşmənin atəş nöqtələrini necə məhv etdilər. Real döyüş şəraitində tanklar bir və ya iki atəşdən sonra öz yerlərini ehtiyyat səngərə dəyişməlidirlər. Bu zaman tankın TDA qurğusundan istifadə edərək, maskalanır və düşmənə görüntü vermədən rahatlıqla bir yerdən başqa yerə manevr və ya yer dəyişə bilir. Optik nişangahın vasitəsilə tank 1000 metr ilə 4000 metr arasında olan hədəfləri nişan ala bilir. Bu tank digər müasir tanklar kimi başqa növ mərmilərdən də istifadə etməyi bacarır”.



Beləliklə tanklar saxlancdan çıxaraq təyin edilən döyüş rayonu istiqamətində cəmləşmə nöqtəsinə yola çıxır. Bu zaman tankları hava hücumundan qorumaq üçün müxtəlif döyüş vasitələrindən istifadə olunur. Tank komandiri şərti əməliyyat barədə danışır.

“Hal-hazırda bir bölməyə qədər tank qüvvəsi döyüşə hazırolma vəziyyətinə gətirilərək daimi dislokasiya məntəqəsini tərk edib və atəş nöqtələrini tutub. Bizim tanklar tam döyüşə hazırdır. İstənilən anda döyüşə siqnalı verilərsə tanklar hədəfdə olan atəş nöqtələrini məhv edərək təyin edilən yüksəklik və ya məntəqəni qısa zaman ərzində tutmağa hazırdır”, - deyə tank bölməsinin komandiri vurğulayıb.

Tank gücünü dizel yanacağı ilə işləyən 786 at gücü olan mühərrikdən alır.1200 litr yanacaq tutumu var ki, bu da bir döyüş tapşırğı üçün yetərlidir. T-72-nin mühərriki T-34 tankında istifadə edilmiş mühərrikin təkmilləşdirilmiş formasıdır. 1 kilometrə 1.3 litr yanacaq sərf edir. T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir.

Açar sözlər: #hərbi   #təlim   #video  

Oxunub: 3229