Fransız iş adamları Maliyyə Nazirliyində


19:50     10 İyul 2019 maliye%20nazirliyi.jpg

Azərbaycan Respublikası Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən fransız şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib.

Femida.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Maliyyə naziri Samir Şərifov ölkəmizin Fransa ilə münasibətlərə böyük önəm verdiyini, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fransaya səfərlərindən sonra iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və hazırda bir sıra sahələrdə yeni layihələrin həyata keçirilmə imkanlarının araşdırıldığını bildirdi.

Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının ölkələrimiz arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verdiyini qeyd edən S.Şərifov iqtisadi və maliyyə dialoqunun genişləndirilməsi məqsədilə iyul ayının sonunda Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Merin Azərbaycana səfərinin gözlənildiyini diqqətə çatdırıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və qazanılan sosial-iqtisadi uğurlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr haqqında məlumat verən nazir qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqamətini təşkil etdiyini diqqətə çatdırıb. S.Şərifov ölkəmizdə aparılan iqtisadi islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd edib. Belə ki, hesabatda Azərbaycan dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Bununla Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. “Hesab edirəm ki, iki ölkənin biznes dairələri yaradılmış bu əlverişli biznes mühitindən yararlanaraq böyük həvəslə iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməlidirlər”, - deyə nazir əlavə edib.

MEDEF Biznes Şurasının prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Jofrua Ru de Beziö Azərbaycana 60 şirkət rəhbərinin təmsil olunduğu böyük nümayəndə heyəti ilə gəldiyini bildirib. O, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı istiqamətləri barədə fikirlərini bölüşərək Fransanın ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin Fransa şirkətləri üçün geniş imkanlar açdığını qeyd edərək deyib: “Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialından istifadə etmələri üçün Azərbaycanda aparılan islahatlarla və inkişaf prosesləri ilə yaxından tanış olmaq niyyətindədir. Bu səfər çərçivəsində biz, həmçinin Prezident İlham Əliyevlə görüşdük. Cənab Prezident bizim müxtəlif sahələrə aid suallarımızı yüksək alicənablıqla cavablandırdı. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş avtomobil yolları, rəqəmsal texnologiyalar ilə bağlı müxtəlif məsələləri müzakirə etdik”.

Sonra Maliyyə naziri Samir Şərifov fransız iş adamlarını maraqlandıran sualları cavablandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 428


Oxşar xəbərlər