Qarabağ üçün Vətənə qayıdan, yaralı vəziyyətdə əsir düşsə də, təslim olmayan MİLLİ QƏHRƏMAN

Qarabağ üçün Vətənə qayıdan, yaralı vəziyyətdə əsir düşsə də, təslim olmayan MİLLİ QƏHRƏMAN


10:55     11 İyul 2019 2019/07/80bed9d4e48eb13a1a97a6782cf74d6a_1562828073.jpg


Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Alıcanov Rafiq Cəfər oğlunun doğum günüdür.

Femida.az bildirir ki, Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayıb. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.

Həmin ərəfədə tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alan Rafiq soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilməyərək, 1992-ci ilin avqustunda Vətənə qayıdır. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə - Gəncə şəhərindəki 200 saylı hərbi hissəyə dəyişirlər. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak edir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verir.



1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərir, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə Rafiq qəhrəmancasına həlak olur.

R.Alıcanov Köçəvəlli kəndində dəfn edilib. Şəhid olarkən ailəli idi, bir qızı və bir oğlu var.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin kənddə və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakıda Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilib.



Rafiq Alıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən müxtəlif şeir, poema və məqalələr nəşr olunub. Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə (ölümündən sonra) bir sıra diplomlarla təltif olunub.

2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilib.

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilib. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.



2015-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağstafa rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid, kapitan Rafiq Cəfər oğlu Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib.

Atası şəhid olarkən 3 aylığında olan Elvin Alıcanovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb:

“Mən atamın üzünü görməmişəm. Yalnız onun dəfn mərasimini video lentlərdə seyr etmişəm. Fəxr edirəm ki, mənim atamın cənazəsi Azərbaycan Respublikasının Dövlət Bayrağına bükülüb və mənim zabit atam yaylım atəşləri altında Vətən torpağına-son mənzilə uğurlanıb. Mən də yaşıdlarımdan biri kimi işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə daim hazıram”.


R.Alıcanovun oğlu

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #milli_qəhrəman   #Qarabağ   #Rafiq_Alıcanov   #şəhid  

Oxunub: 907