"Qadınlar arasında işsizliyin səviyyəsi 5,9%-ə düşüb" - Hicran Hüseynova


17:17     11 İyul 2019 hicran0.jpg

İsveçrənin Bazel şəhərində Ümumdünya Qadın Sammiti öz işinə başlayıb.



Femida.az xəbər verir ki, Ümumdünya Qadın Sammitinin 19-cu iclası “Qadın: müvəffəqiyyətə yeni baxış” mövzusuna həsr edilib. Dünyanın bir çox ölkələrinin yüksək vəzifəli dövlət nümayəndələrinin iştirakı ilə ayrı-ayrı təcrübələr təqdim olunur. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova həmin iclasın “Ən yaxşı təcrübələr” sessiyasında ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məruzə ilə çıxış edib. Bu barədə AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sammitin əhəmiyyətini vurğulayan Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim xüsusi əhəmiyyət kəsb edib. Bu da təsadüfi deyil. Hələ 100 il əvvəl Azərbaycan qadını seçib-seçilmək hüququna nail olub. Bu, böyük tarixdir və biz çox sevinirik ki, belə böyük qadın hərəkatı tariximiz var. Bu gün də dövlətimiz qadınlar üçün bütün imkanları yaradır ki, onlar cəmiyyət həyatında fəal iştirak etsinlər. H.Hüseynova qeyd edib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparıb və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Görülən işlər nəticəsində ölkə üzrə qadınlar arasında işsizliyin səviyyəsi son illər on dəfə azalaraq 5,9 faizə düşüb. Əvvəllər 4 faiz təşkil edən qadın sahibkarların sayı artaraq 2019-cu ilin əvvəlinə olan məlumata əsasən 30 faizi ötüb.

Komitə sədri bildirib ki, ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf edir. “Ancaq biz hələ də müharibə şəraitində yaşayan ölkəyik. Əlbəttə ki, bir milyondan çox qaçqın və məcburi köçkünün, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması ən vacib məsələlərdəndir. Hökumətin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi sahəsində atdığı addımlar nəticəsində onlar mənzillərlə təmin olunublar, uşaq və tələbələr təhsil haqqından azaddırlar, tibb xidmətləri göstərilən zaman onlara böyük güzəştlər edilir və s. Belə bir şərait qadınlara imkan yaradır ki, onlar öz üzərində işləsin, cəmiyyətdə fəal iştirak etsinlər. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir”, - deyə H.Hüseynova əlavə edib.

H.Hüseynova müsbət təcrübələrin öyrənilməsinin, ölkələrarası mübadilənin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək deyib ki, bu gün sahibkar qadınlarımız digər ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Bu sırada Türkiyə, Belarus, Rusiya, Mərakeş, Həştərxan Vilayətinin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək olar. Eyni zamanda, 2012-ci ildən Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir.

Komitə sədri qeyd edib ki, qadın və qızların sosial və iqtisadi həyatda iştirakına əngəl olan səbəbləri, o cümlədən əmək bazarında qadınların məşğulluq imkanlarını təhlil etməyə davam edirik. Qadınların fəal iştirakı üzrə özəl sektor üçün tövsiyələri özündə əks etdirən xüsusi hesabat hazırlanıb.



Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən Strateji Yol Xəritəsində və Dayanıqlı İnkişaf Məqsədlərində də insanların özünü göstərmələri üçün imkanların genişləndirilməsi nəzərdə tutulur. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları Komitənin BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla birgə keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır. Bu əməkdaşlıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən səkkiz Qadın Resurs mərkəzi təkcə qadın sahibkarlığının inkişafına kömək etmir, eyni zamanda, qadının cəmiyyətdə nüfuzunun artmasına təkan verir.

Komitə sədri deyib: “Bu gün vacib məsələlərdən biri də, kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda daha fəal iştirak etməsidir. Ölkəmizdə əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Komitə ilə BMT-nin İnkişaf Proqramının “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” birgə texniki yardım layihəsi nəticəsində bu gün kənd qadınları çox fəaldırlar. Eyni zamanda, 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərimizdə bu sahədə qadınlara xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün xüsusi iş və əmək yarmarkaları reallaşdırılır. Qeyd etmək istərdim ki, yeni yaradılmış Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən qadınların, gənc xanımların və eləcə də məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi) və “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi) layihələri fəaliyyət göstərir. Respublikada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Kəndli Qadınlar Assosiasiyası yaradılıb. Bu da qadın sahibkarlığı sahəsində şəbəkələrin qurulmasında mühüm rol oynayır”.

İclas müzakirə və məruzələrlə davam edib.

Qeyd edək ki, Dünya Qadınlarının “Davosu” kimi tanınan və 1990-cı ildən etibarən təşkil olunan Ümumdünya Qadın Sammitinə 80-dən çox ölkədən 1200-ə qədər nümayəndə, o cümlədən qadın-nazirlər, birinci xanımlar, yüksək dövlət vəzifəsi tutan şəxslər, ictimai-siyasi xadimlər, millət vəkilləri, işgüzar qadınlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılırlar. Sammit çərçivəsində qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, eləcə də iqtisadiyyatda və biznesdə rolunun artırılması mövzuları ətrafında müzakirələr aparılır, təkliflər irəli sürülür.

Femida.az

Açar sözlər:

Oxunub: 677