Dünya mediasında söz azaddırmı? - ARAŞDIRMA + FAKTLAR

Dünya mediasında söz azaddırmı? - ARAŞDIRMA + FAKTLAR


12:57     12 İyul 2019 2019/07/press-freedom-basin-ozgurlugu-(1)_15629217390.png


Femida.az dünyada söz və mətbuat azadlığı barədə məqaləni təqdim edir.

Günümüzdə söz, fikir və mətbuat azadlıqları hər bir sivil dövlət və cəmiyyət üçün vacibdir. Bu azadlıqlar şəffaflıq və siyasi plüralizmin təminatında mühüm rol oynayır, demokratik inkişafı şərtləndirir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasının əsas şərtlərindən biri kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsidir. Necə ki, tarix söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizələrlə zəngindir. Sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə, eyni zamanda dəqiq, obyektiv informasiya almağa ehtiyac duyub.


Lakin unutmayaq ki, heç bir hüquq və azadlıq hüdudsuz ola bilməz. Eləcə də söz, fikir və mətbuat azadlıqları. Onlar müəyyən konvensiya, saziş və sənədlərlə tənzimlənir, zəruri hallarda qanunla məhdudlaşdırılır. Demokratiyanın beşiyi sayılan Qərbdə belə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını birmənalı şəkildə yasaqlayan bir sıra beynəlxalq konvensiyalar, sazişlər var. Əgər hansısa dövlətin daxili qanunvericiliyi ilə tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr əsas götürülür.

Dünya praktikasında jurnalistlərin fikir azadlığını məhdudlaşdıran bir çox faktlar var. Burada demokratiyanın asları sayılan ABŞ-dan tutmuş Avropaya qədər bir çox ölkələrin də adları var.



ABŞ-da… Hələ də bir sıra federal məhkəmlər jurnalistlərin öz mənbələrini açmamaq hüququnu tanımaqdan imtina edirlər. Azad jurnalist Coş Volfun öz videoarxivini təhvil verməkdən boyun qaçırdığı üçün həbs ediməsi, Əl-Cəzirə telekanalının operatoru Sami əl-Həc məhkəməsiz Amerikaya məxsus Quantanamo düşərgəsində saxlanılması, Assoşieytid Press agentliyinin fotomüxbiri Bilal Hüseynin ABŞ hakimiyyəti tərəfindən qanunsuz olaraq İraqda saxlanılması hələ illlər öncə bu problemin varlığından xəbər verirdi. Ötən il isə demokratiyanın beşiyi sayılan ABŞ media azadlığı indeksində 45-ci yerə düşüb. Amerikada jurnalistlərə qarşı həbs və şiddət halları artıb. Ağ ev rəsmilərinin sözlərinə görə, Donald Tramp son illərin ən əlçatan ABŞ prezidentidir. Buna baxmayaraq, o KİV-i xeyli sıxışdırır. Onun tənqidlərə dözümsüzlüyü və mediaya qarşı düşmənçiliyi Birləşmiş Ştatların da bu il mediada söz azadlığı baxımından "problemli" ölkə kimi təsnif edilməsinə gətirib çıxardı.



Fransada… Demokratik ölkələrdən sayılsa da, vəziyyət heç də yaxşı deyil. Bu ölkədə jurnalistlərin evlərində və mətbuat ofislərində rahatlıqla axtarışlar aparılır. Bir neçə il əvvəl “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro cərimələnməsini nəzərdə tutan qanun layihəsi də Fransa Parlamentinin Senatında qəbul edilmişdi. Bu fakt Fransanın söz və mətbuat azadlıqlarına gerçək münasibətini göstərirdi. Senatın qəbul etdiyi qanun, ilk növbədə, beynəlxalq konvensiya və sazişlərdə, protokollarda əksini tapmış insan haqlarının məhdudlaşdırılması demək idi. Məhz buna görə də Fransa Konstitusiya Məhkəməsi bu qanunu ləğv etmək məcburiyyətində qalmışdı.



Yaponiyada… Asiyanın demokratı sayılan bu ölkədə 2006-cı ildə “Nihon Keizai” qəzetinin binası ifrat sağçılar tərəfindən partladılmışdı. İmperatorun əleyhinə tənqidi fikirlər səsləndirmək isə qadağandır.

Böyük Britaniyada… İnkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışı, informasiya əldə etmək və yaymaq hüququnu sərt şəkildə məhdudlaşdırır. Məsələn, 2013-cü il oktyabrın 30-da Böyük Britaniya Kraliçası II Yelizaveta Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını imzalayıb. Bir tərəfdən, diffomasiya haqqında qanunun qəbulunu zəruri sayan, digər tərəfdən, fikir, söz və məlumat azadlıqlarını məhdudlaşdıran Avropa ölkələrinin Məhəmməd peyğəmbərin təhqir olunmasını söz azadlığı nümunəsi kimi təqdim etməyə çalışması heç bir hüquqi çərçivəyə sığmır. 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı Facebook və Tvitter sosial şəbəkələrinə giriş məhdudlaşdırılmışdı.



Almaniyada... 2015-ci ildə Baş Prokurorluq tərəfindən “Netzpolitik.org” saytının iki bloger-jurnalisti Makus Bekedal və Andre Mayster dövlətə xəyanətdə ittiham olunaraq sorğuya cəlb edilmişdilər. Hər iki jurnalist dövlətə məxsus məxfi məlumatları və sənədləri ictimaiyyətə açıqlamaqda təqsirləndirilirdi. Məhz, bu səbəbdən də Baş Prokurorluq tərəfindən barələrində vətənə xəyanət adı altında istintaq başladıldı. Lakin baş prokuror Harald Range tərəfindən başladılan iş sonradan müvəqqəti olaraq jurnalistlərin istintaqa cəlb edilməməsi ilə bağlı qərarla dayandırıldı.
Cinayət işinə rəhbərlik edən Almaniyanın baş prokuroru Harald Range işin icrasını yubatdığı və həmin saytda çalışan hər iki jurnalisti təqsirkar görmədiyi üçün vəzifəsindən uzaqlaşdırıldı.
Xatırladaq ki, Almaniyada hökumətin mediaya qarşı basqılarına etiraz olaraq ATƏT tərəfindən Almaniyaya medianın sıxışdırılması ilə əlaqədar xəbərdarlıq edilmişdi.



Türkiyədə… Ötən il bütün dünya Camal Qaşıkçının qətli ilə silkələndi. ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə “üçlüy”ünün adı hallanan bu qətl bir daha media azadlığı mövzusunu gündəmə gətirdi. Tanınmış jurnalistin dövlətin rəsmi orqanı olan konsulluq binasında öldürülməsi və basdırılması insanlığa sığmayan hərəkət kimi xarakterizə edildi. Qaşıqçı qətli bir çox jurnalistin özünə sərhəd qoyması və ya tamamilə mediadan uzaqlaşması ilə nəticələndi.
Təkcə 2019-cu ilin ilk üç ayında Türkiyədə ən azı 40 jurnalist sırf siyasi fikirlərinə görə, köşə yazarı işdən azad edildi. Bu gün dünyada ən çox jurnalist həbs edən ölkə Türkiyədir. “Jurnalist həbsxanası” kimi tanınan qonşu ölkədə son statistikaya görə, 132 jurnalist həbsdədir. Dünyada isə ümumi olaraq bu rəqəm 250-270 arasında dəyişir. Türkiyədən sonra media nümyəndələrini həbsə atmaqla susduran ölkələr Çin və Misirdir.



İranda… İrandakı islam rejimi media orqanlarını hərtərəfli nəzarətində saxlamaqla, jurnalistlər, vətəndaş jurnalistikası və müstəqil KİV-lərə qarşı təzyiqləri davam etdirir. Bu Sərhədsiz Reportyorlar Təşkilatının yeni hesabatında qeyd edilib. Təşkilata görə, İran 40 il ərzində jurnalistlərə qarşı ən repressiv hökumətlərdən biridir, 2008-2009-cu illərdən bu yana 860 jurnalist həbs edilib. Hətta onlardan bəziləri edam cəzasına məhkum olunublar. “Sepah” və onun Kəşfiyyat İdarəsinin jurnalistlərə qarşı repressiyanı həyəta keçirən əsas orqanlardır.



Rusiyada… Beynəlxalq hesabatlara əsasən, şimal qonşumuzda hökumət mətbuat azadlığı və müstəqil medianı boğmağa davam etdiyi üçün insanlar daha çox sosial şəbəkələrə yönəlib. Xüsusilə “youtube” son dövrlər ölkədə çox populyardır. Rusiya hökuməti müstəqil jurnalistləri və bloggerləri işlərinə görə nəzarətdə saxlamağa çalışır. Xüsusilə ABŞ meyilli qurumlar Rusiyada hüquq-mühafizə orqanlarının jurnalistləri müdafiə etməkdə aciz olduğunu bildirir. Jurnalistlər arasında özünü senzura etmək halları artır. Həmin jurnalistlər təqib olunmaqdan və hətta qətlə yetirilməkdən ehtiyatlanırlar. Rusiyada KİV-lərin əksəriyyəti dövlətin nəzarəti altındadır.



Şərqdə… Hindistanın baş naziri Narenda Modi tərəfindən işə götürülən böyük bir trol ordusu sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şəxslərə hücum edirlər. Hind ekstrimizmini tənqid edən journalist Qauri Lankeşə qarşı sui qəsd edilib. Pakistanda da jurnalistlər həbs və oğurlanmaqdan qorxurlar.
Mətbuat azadlığını boğan ölkələrin yeri illər ərzində dəyişmir. Şimali Koreya, Çin, Türkmənistan, Birma və Kuba mətbuatın ən çox boğulduğu ölkələr olaraq qalırlar. Keçmiş Sovet respublikalarının arasında ən rüsvayçı yeri Türkmənistan tutur. Bu da sözügedən ölkələrdə bir sıra jurnalistlərin həbslərə və hətta işgəncələrə məruz qalması ilə bağlıdır. Ölkədə müəyyən mövzular haqqında xəbər hazırlanması hüquq-mühafizə orqanları tərəfindən qadağan edilib. “HƏMAS”, İŞİD, “Müsəlman Qardaşlar” və s. kimi təşkilatlar mediadan istifadə edərək problemləri gündəmdə tutur və unutdurmur.



Ermənistanda… 2018-ci ildə Nazirlər Kabineti dövlət məmurlarının müsahibə və şərhlərinin, KİV-lərin məlumatlarının hökumətin rəsmi siyasətinə uyğun olmasına dair sərəncam hazırlayıb. Belə ki, aparat rəhbəri Eduard Ağacanyanın imzaladığı sərəncama əsasən, hökumət üzvlərinin və idarə rəhbərlərinin mətbuata bütün açıqlama, müsahibə və şərhləri hökumətin proqramı və strateji istiqamətləri ilə üst-üstə düşməlidir. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, baş nazirin aparat rəhbəri söz və mətbuat azadlığını məhdudlaşdırmaqla yanaşı, KİV-lərin operativliyinə və sərbəst ifadə azadlığına zərbə vurur. Ermənistanda əvvəllər də dövlət məmurlarının mətbuata bəyanatları ilə bağlı qaydaların sərtləşdirilməsi cəhdləri olub, lakin ilk dəfədir ki, bu addım hökumət sərəncamı ilə rəsmiləşdirilir.



Etiraf edək yi, yuxarıda qeyd olunan problemlərin müəyyən hissəsi Azərbaycanda da mövcuddur. Lakin 28 yaşlı bir respublika olmasına baxmayaraq, Azərbaycan media sahəsində ciddi irəliləyişlərə imza atıb. Bu gün ölkədə jurnalistlərin təhlükəsizliyi təmin olunub. Düşüncə və əqidəsinə görə öldürülən, təqib olunan media nümayəndəsi yoxdur. Bəzən insanlar söz azadlığı prinsipini əsas tutaraq, kortəbii şəkildə təxribat, təhqir xarakterli fikirlər səsləndirir. Xüsusilə də bu hallar sosial şəbəkələrdə baş verir. Lakin yazının əvvəlində də qeyd olunduğu kimi heç bir hüquq və azadlıq hüdudsuz ola bilməz.
Sevindirici haldır ki, bu gün Azərbaycanın adı beynəlxalq hesabatlarda təhdid olunan, öldürülən jurnalistlərə görə hallanmır. Məsələn, “One Free Press Coalition” adlı media birliyinin hesabatına əsasən, dünyada ən çox təhdid altında olan jurnalistlər Səudiyyə, Türkiyə, Myanmar, Kolumbiya, Sudan, Kamerun və Vyetnamdan olan jurnalistlərdir.



Müharibə şəraitində olan ölkələr hələ də media üçün ən təhlükəli yerlərdir. Lakin müharibə mətbuat azadlığı üçün yeganə təhdid deyil. Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatına görə, ötən il dünyada 95 jurnalist öldürülüb. Bu rəqəm əvvəlki illərlə müqayisədə artmaqda davam edir. Təkcə 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri olan Əfqanıstanda 16 jurnalist qətlə yetirilib. ABŞ-da isə “Merilend Capital Gazette” adlı qəzetin ofisinə basqın zamanı 5 jurnalistin həyatına son qoyulub. Nə qədər azad olduğu deyilsə də, bu il Avropada isə 2 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. Hesabat göstərir ki, müharibə bölgələrini çıxmaq şərti ilə jurnalistlərin ən çox öldürülmə səbəbləri korrupsiya və cinayət əməllərinin ört basdır edilməsi, düşmənçilik və populizmdir.

Bunları bilin
- Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən də bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun qərarlar qəbul ediblər.
- 2019-cu ildə dünya mətbuat azadlığı indeksində ilk sıradakı ölkələr Norveç, Finlandiya və İsveç olub. Skandinaviya yarımadasında yerləşən hər üç dövlət qonşudur.
- Venesuela jurnalistlərə qarşı həbs və şiddət, Rusiya isə həbs, axtarışlar, ağır hüquqi təzyiqlər, senzura və internet azadlığının boğulmasına görə ilk sıradadır.
- Dünya əhalisinin yalnız 13 faizi azad mətbuata sahib olan ölkədə yaşayır .

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #media   #KİV   #jurnalist   #söz_azadlığı   #dünya   #araşdırma   #femida   #təhlil  

Oxunub: 690