Direktorun otağına qumbara atan şəxsin məhkəməsində ANAMA işçiləri dindiriləcək


18:04     12 İyul 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin otağına qumbara ataraq qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az -ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Hadisə bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib. Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

"Azkompozit” MMC şirkətinin mühasibi Nailə İbrahimova bildirib ki, Şirin Astanov işdən çıxmadan öncə onunla da görüşüb. O qeyd edib ki, təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən çıxıb və heç bir narazılığı olmayıb.

Onun sözlərinə görə, hadisə günü baş verənləri müəssisə rəhbərinin köməkçisi Aynur xanımdan eşidib.

Müəssisədə mühəndis işləyən Rəsul Məmmədov isə ifadəsində deyib ki, direktorun otağından səs gələndə otaqdan çıxaraq ora gedib: "Aynurun səsinə eşidərək onun yanına qaçdım. Otağa keçəndə gördüm ki, Şirin dayı yerdədir. Rəsul müəllim də onun sinəsində oturub. Onları sakitləşdirmək istəyirdik. Bu vaxt qumbara ayağımın altına düşdü. Özümü itirdim, bir anlıq donduq. Qumbaranı vurub ayağımın altından uzaqlaşdırdılar. Mən dedim bəlkə indi partlayacaq. Hamımız birlikdə gedəcəyik. Qışqırdım ki, gəlin buradan çıxaq".

O əlavə edib ki, təxminən yarım saat sonra polis əməkdaşları gəlib. Şirin Astanov polisə təhvil verilib, ANAMA da qumbaranı zərərsizləşdirmək üçün müəssisəyə gəlib.

Digər şahid - müəssisənin xammal anbarının rəisi Ramiz Əliyev də oxşar məzmunlu ifadə verib.

Şirin Astanovun vəkili məhkəməyə müraciət edərək ANAMA işlərinin şahid qismində dindirilməsini istəyib. O bildirib ki, qumbara təlim məqsədli olub.

"Amma cinayət işi materiallarından görünür ki, qumbara ANAMA tərəfindən zərərsizləşdirilib, yəni partladılıb. Ancaq ANAMA işçilərindən heç kim şahid kimi dindirilməyib. Vəsatət verərək həmin şəxslərin dindirilməsini istəyirik", deyə vəkil bildirib.

Məhkəmə vəsatəti təmin edib. Proses növbəti həftə davam edəcək.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 615