Ermənistanda yezidi ailəsi üçün bir illik cəhənnəm əzabı: Xəstə əsgər döyülməkdən şoka düşüb


16:33     12 İyul 2019 2019/07/efg_1562934882.jpg

Ermənistan ordusunda ilk 10 günlük xidmət dövrü ərzində yezidi əsgər “Bad” ləqəbli tabor komandiri tərəfindən qəddarcasına döyülüb.



Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq bir ildir yezidi hərbi qulluqçu Yurik Broyan xəstəxanadan xəstəxanaya, psixatriyanın birindən digərinə köçürülür.

Məlumata görə, onu müstəntiqlər və hərbi polis dindirir. Lakin yezidi gəncin hərbi hissədə döyülməsi işinin araşdırılması, nə də müalicəsi məsələsində irəliləyiş var. Bir il ərzində, hətta həkimlər onu narahat edən dəqiq diaqnozu da müəyyən edə bilməyiblər. Yeganə verilən diaqnoz bundan ibarətdir ki, Broyan simulyant deyil. Onun simulyant olduğunu Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri və xidmət etdiyi hərbi hissənin komandanlığı iddia edirdi.

20 yaşlı Broyan milliyətcə yezididir. Armavir vilayətinin Crarat kənd sakinidir. Məktəbə getməyən Broyan oxuma-yazma bilmir. Anas Marine Broyanın dediyinə görə, oğlu kiçik yaşlardan psixi problemlərdən əziyyət çəkir. Vaxtaşırı danışıq qüsurundan əziyyət çəkdiyini, özünə xəsarət yetirərək şok vəziyyətinə düşdüyünü qeyd edir.

Qeyd edilən əlamətlər orduda daha kəskin xarakter alıb. Keçən ilin avqust ayında mərkəzi hərbi tibbi komissiya onu yüngül əqli çatışmazlıq diaqnozu ilə hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edib və hərbi xidmətə çağırılmasına dair qərar verilib.

Həmin gündən etibarən erməni çağırışçı Broyanın və anasının cəhənnəm dolaylarında həyatı başlayıb. O, işğal altında olan Qarabağın Ağdərədə yaşayış məntəqəsində yerləşən hərbi hissədə (Ağdərədə yerləşən hərbi hissənin nömrəsi 49971 olmaqla, əsasən Ermənistandan çağırılan çağırışçılarla komplektləşdirildiyi və əhali arasında “internat” kimi tanındığı məlumdur) olduğu müddətdə, hətta sıra addımlarını belə yerinə yetirə bilməyib. Buna səbəb ayaqlarının zəif olması olub.

Hərbi hissə komandanlığı əsgər Broyanın simulyant olduğunu hesab edib. 10 günlük xidmətin əsgəri olan Broyanı “Bad” (ördək) ləqəbli kombat qəddarcasına döyüb. Qəddarcasına döyülmüş yezidi hərbi qulluqçu bir neçə gün hərbi hissədə “kaptyorka” adlanan otaqda saxlanılıb, daha sonra Xankəndi psixatriya xəstəxanasına yerləşdirilib.

Anasının şikayəti əsasında nəhayət döymə faktı üzrə cinayət işi açılıb, lakin işin istintaqı ləng aparılmağa başlayıb. Cinayət işinin araşdırılması ilə Qarabağdakı müstəntiqlər məşğuldur. Broyan isə keçən müddət ərzində daim hərbi polisdə, yaxud müalicə müəssisələrində olub.

Hazırda yezidi hərbi qulluqçu Nubaraşendəki psixatriya xəstəxanasında müalicə olunur. İyunun 27-də Broyan və onu döyən “Bad” ləqəbli tabor komandiri Armen Harutyunyan arasında üzləşmə keçirilib. Üzləşmə zamanı tabor komandiri “Bad” ləqəbindən imtina edərək qeyd edib ki, o, belə bir ləqəbə sahib deyil.

O, həmçinin Broyanı tanımadığını bildirib. Döyülməsi barədə Broyanın niyə məhz onun adını verdiyinə gəldikdə isə tabor komandiri, tələbkar zabit olmasının əsgərləri daim narahat etdiyini iddia edib. Döyülən yezidi hərbi qulluqçunun vəkili Hayarpi Sarkisyan üzləşmə zamanı Broyanın məhz Harutyunyan tərəfindən döyüldüyünü bir daha təsdiqləyib.

Müstəntiqlər üzləşmə məqsədi ilə daha 2 rus hərbi qulluqçunu gətirsə də, döyülən hərbi qulluqçu onları tanımayıb. Daha öncə Broyan ifadəsində bildirib ki, onu yaralı, göyərmiş bədən xəsarətləri ilə 2-3 gün ərzində rusdilli gənclər qapalı şəkildə saxlayıb.

Qeyd olunur ki, Ağdərədəki hərbi hissədə Rusiyadan qayıdan çoxsayıda erməni hərbi qulluqçu xidmət edir. Müstəntiqlər Broyanın qanunsuz olaraq kim tərəfindən qapalı şəkildə saxlanıldığını müəyyən edə bilməyib. Hazırda Nubaraşendəki psixatriya xəstəxanasında müalicə olunan Broyanın həkimi onun vəkilinə hərbi qulluqçunun zərbə nəticəsi olduğu ehtimal olunan baş travmasına malik olduğunu bildirib.

Belə çıxır ki, hərbi hissədə döyülərək zərbə alan Broyan daha sonra hərbi polisdə döyülərək şoka düşüb. Həkimlər yezidi hərbi qulluqçunun müalicə olmasına nail ola biləcəklərinə ümid etmirlər. Onu, hətta bu vəziyyətdə hərbi xidmətdən azad etmirlər və 46 yaşlı anası 1 ildir ki, oğlunun həyatı uğrunda mübarizə aparır. Anası keçən 1 il ərzində hərbi polis, xəstəxana, işğal altında olan ərazilər, Ermənistan, cəhənnəm dolaylarında durmadan fırlanır.

Açar sözlər:

Oxunub: 429