Bakıda qeydiyyatsız yaşayan rayon əhalisi - CƏRİMƏ OLUNURMU?

Bakıda qeydiyyatsız yaşayan rayon əhalisi - CƏRİMƏ OLUNURMU?


12:52     15 İyul 2019 2019/07/qeydiyyat_qey_1563180462.jpg


Femida.az "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz ölkə daxilində yaşayış yerini dəyişən vətəndaşlarla bağlıdır. Qeyd edək ki, bu halla bağlı problemlər xüsusilə bölgə əhalisinin paytaxt Bakıya, eləcə də digər böyük şəhərlərə köçməsi zamanı yaşanır. Vətəndaşlar yeni şəhərə köçdükdən sonra əvvəlki ünvanda qeydiyyatdan çıxmağı, yaxud köç müvəqqətidirsə, müvəqqəti qeydiyyata düşməyi unudurlar.


Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Hər bir Azərbaycan vətəndaşı ölkə daxilində digər bir ünvanda 60 günə qədər qeydiyyatsız yaşaya bilər. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş isə həmin yerə gəldikdən sonra 7 gün ərzində internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata düşməlidir. Bu zaman müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Bu qaydaya əməl olunmadığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət yaranır. Belə ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, bu çox sadə prosedurdur və onlayn şəkildə də mümkündür. Əgər müvafiq qurumun vəzifəli şəxsləri vətəndaşı qeydiyyata almaqdan əsassız imtina edərsə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edərsə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verərsə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #femida   #vətəndaş   #qeydiyyat   #miqrasiya  

Oxunub: 3117