"Əsgərimiz Keşikçidağda vəziyyətə uyğun davranıb" - Hərbi ekspert silahı alınan əsgəri müdafiə etdi


12:30     16 İyul 2019 2019/07/thumbmaker-(1)_1563266188.jpg


“Bu sırf Gürcüstan tərəfindən həyata keçirilmiş təxribatdır. Dövlət sərhədinə Gürcüstanın mülki vətəndaşları soxulublar və Gürcüstanın sərhəd polisi buna seyirçi münasibət bəsləyib. Bu qədər insanın qarşısında Azərbaycan əsgəri nə etməli idi? Onları gülləməli idi? Sosial şəbəkələrdə Elçin Quliyevlə şəxsi və qeyri-şəxsi ədavəti olanlar cuşə gəliblər. Mən onlardan məsuliyyətli olmağı xahiş və tələb edirəm. Ona görə ki, Azərbaycan əsgəri nizamnamənin tələbləri çərçivəsində hərkət etsəydi, havaya və ayaqlar altına atəş açandan sonra qan töküləcəkdi. Ondan sonra Gürcüstanda yaşayan yüzminlərlə azərbaycanlının aqibəti necə olacaqdı?!”


Bu fikirləri Femida.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Azərbaycan-Gürcüstan sərhədində yaşanan insidentlə bağlı deyib.

Qeyd edək ki, 14 iyulda DSX-nin Sərhəd Qoşunlarının “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib və dövlət sərhədini pozublar. Bir qrup gürcü vətəndaşın Azərbaycan ərazisində xidmət aparan sərhədçilərə hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və məsələ ilə bağlı izahat istənilib.



Üzeyir Cəfərovun sözlərinə görə, bu məsələdə Azərbaycan əsgərini aşağılayan şəxslər xüsusi məqsəd güdənlərdir:

“Bir qrup başı pozuq gürcü sərhədçilərimizə qarşı böyük həyasızlıq göstəriblər. Bizim əsgərimiz orada acizlik etməsi fikri yanlışdır. Sadəcə olaraq Azərbaycan əsgəri vəziyyətə uyğun hərəkət edib. Məlum videodan göründüyü kimi orada əlində silah olan Gürcüstanın sərhəd polisi seyirçi mövqe tutur. Tutaq ki, orada əsgərimiz daraqda olan 30 gülləni gürcülərə tərəf atır. Təsəvvür edin, orada bir gürcünün belə burnu qanasaydı, bu gün orada yaşayan azərbaycanlılar böyük təzyiqlərlə üzləşə bilərdilər.

Azərbaycan prinsipiallıq nümayiş etdirməli və təxribata yol vermiş gürcülər ciddi şəkildə cəzalandırılmalıdır. Azərbaycan əsgərini aşağılamaq, Elçin Quliyevi ittiham etmək düzgün yanaşma deyil. Çünki bu nə insanlığa, nə kişiliyə yaraşmır. O əsgər bizim balamız, doğmamızdır. O silahı əlindən alıb harasa aparmayıblar, silah itməyib. Sərhəd pozucuları bir–iki nəfər olanda nizamnamənin tələbinə uyğun olaraq xəbərdarlıq edilir, təqib olunur, lazım gələrsə, atəş açılır. Amma bu dəfə vəziyyət başqa cür idi".

Ü.Cəfərov təxribatda erməni barmağının olmasından da şübhələndiyini bildirib:

"Bəlkə də orada təxribatı törədənlər arasında ermənilər də var idi. Hansı ki, onlar məqsədli şəkildə qan tökülməsini istəyirdilər. Amma şükürlər olsun ki, əsgərimiz təmkinli davranıb. Atəş açılarsa, iki ölkə arasında faciələrə səbəb ola bilərdi.

Bu gün Elçin Quliyevi az qala vətən xaini elan etmək istəyənlər bir qədər ciddi olsunlar. Görürəm ki, vaxtilə Azərbaycana xəyanət etmiş Sürət Hüseynovun ətrafında olan bəzi şəxslər bu məsələdə çox canfəşanlıq edirlər. Həmin o yaramazlar unutmasınlar ki, təxribatçılar qan tökülməsini istəyirlər”.



Xatırladaq ki, Keşikçidağ Azərbaycanın Gürcüstanla sərhəddində, mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Gürcüstan   #Keşikçidağ   #Azərbaycan   #XİN   #siyasət   #DSX   #sərhəd   #ordu   #hərbi  

Oxunub: 7337