Vərəsəlik hüququ ilə bağlı bütün VACİB MƏQAMLAR

Vərəsəlik hüququ ilə bağlı bütün VACİB MƏQAMLAR


16:18     17 İyul 2019 19_07_17_1563365941.jpg

Femida.az "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz vərəsəlik hüququ ilə bağlıdır.

Qeyd edək ki, vərəsəlik mülki hüququn spesifik sahələrindəndir. Mülki Məcəllənin 1133-cü maddəsində vərəsəliyə anlayış verilir ki, ölmüş şəxsin əmlakı başqa şəxslərə iki yolla - qanun üzrə və ya vəsiyyət üzrə keçir.

Məsələ ilə bağlı daha detallı şəkildə gənc vəkil Turan Abdullazadə Femida.az-a açıqlama verib:

“Qanun üzrə vərəsəlik o zaman qüvvəyə minir ki, miras qoyan vəsiyyətnamə yazmır. Vəsiyyətnamə yazıldığı halda isə qanun üzrə vərəsəlik istisna edilir. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, həm də miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Amma vəsiyyət üzrə vərəsəlikdə belə şərtlər lazım deyil. Bu zaman vərəsə ona doğma olmayan şəxslər, hətta hüquqi şəxslər də ola bilər. Məsələn bir şəxs öz əmlakını övladı olmayan tamamilə yad bir şəxsə də miras qoya bilər. Nikahdankənar uşaq da vərəsə sayıla bilər. Bu zaman atalıq qanuni şəkildə müəyyənləşdirilməlidir”.

Bundan başqa qanunda ləyaqətsiz vərəsə deyilən anlayış da var ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş və ya digər əxlaqsız hərəkət törətmiş şəxsə deyilir. Ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məsələn 3 qardaş vərəsədir. Onların ikisi gizli iş görür, bir qardaşın yoxluğundan istifadə edib, notariusdan vərəsəlik şəhadətnaməsi alıb əmlakı öz adlarına qeydiyyatdan keçirirlər. Bu zaman onlar ləyaqətsiz vərəsə sayılır və həmin vərəsələri məhkəməyə vermək mümkündür. Miras qoyan şəxs ləyaqətsiz vərəsəni bağışlayırsa, həmin şəxs yenidən vərəsəliyə buraxılır”.



Vəkil bildirib ki, şəxsin ölümü zamanı mirasın açılması reallaşır:

Mirasa nələr daxil deyil? Məsələn, ailə kitabları, fotoları, ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər ümumi əmlak sayılır və s. Miras bölüşdürülənədək bütün vərəsələrə vahid əmlak şəklində mənsubdur.

Qanun üzrə vərəsəlik Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən tənzimlənir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə olan vərəsələrdir. Bunlar varsa, digər qohumlar vərəsə ola bilməzlər. Daha sonra isə müvafiq olaraq, ölənin qardaşı, bacısı, baba, nənə, xala, bibi, dayı, əmi və onların övladları vərəsə sayılır. Boşanmış ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Əgər miras qoyan şəxs öz əri və ya arvadı ilə azı üç il əvvəl nikaha faktiki xitam veribsə, ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Vərəsələri olmayan əmlak dövlətin balansına keçir.

Qeyd edim ki, vəsiyyət üzrə vərəsəlik zamanı əgər miras qoyan əmlakının hansı hissəsini kimlərə çatacağını göstərmyəibsə, bu zaman miras vərəsələr arasında bərabər bölünür. Vəsiyyət edən qanun üzrə vərəsələrdən hər hanısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir”.



T.Abdullazadə bildirib ki, vəsiyyətnamə yazılı formada olmalı, vəsiyyət edən şəxs imzalamalı və notariusda təsdiq edilməlidir:

“Notarius yoxdursa, icra hakimiyyətləri, yaxud şəraitə uyğun olaraq, xəstəxananın baş həkimi, təhsil müəssisəsinin rəhbəri, hərbi hissənin komandiri, həbsxana rəisi və s. vəsiyyətnaməni təsdiqləyə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyət edən lal, kar, kor və savadsızdırsa, şahidlər və işin məğzini ona izah edə bilən şəxslər olmalıdır. Miras açılanadək vəsiyyətnamənin məzmunu gizli saxlanılır.

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vəsiyyət edənin tapşırığına əsasən, başqa bir şəxs vəsiyyət edilən şəxslə birlikdə əmlakdan ümumi istifadə edə bilər. Keçərli səbəb olduğu halda vəsiyyətnaməni dəyişdirmək və ləğv etmək mümkündür. İki vəsiyyətnamə varsa, sonuncu yazılan üstün tutulur”.

“Çox mühüm məsələlərdən biri mirasın qəbul edilməsidir. Vərəsə varis olduğunu bildiyi gündən 3 ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən 6 ay keçdiyi təqdirdə isə onun qəbuluna yol verilmir. Bəzən ASAN Xidmət və digər notariat orqanlarında vərəsələrin müəyyən olunması ilə bağlı problem yaşanır. ASAN Xidmət vərəsələrin müəyyən olması üçün 6 aylıq müddətin hamısını gözləyir. Lakin qanunvericiliyə görə, əgər bütün vərəsələr bəllidirsə, mirasın qəbulu üçün 6 ay gözləmək vacib deyil”, - deyə vəkil əlavə edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #femida   #məcəllə   #vərəsə   #miras   #valideyn  

Oxunub: 2509