“Azərbaycanda 35 qeyri-islam icması qeydiyyata alınıb” - Mübariz Qurbanlı


13:28     18 İyul 2019 19_07_18_1563442382.jpg


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı 16-18 iyul tarixlərində Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbeklə görüşüb.


Komitədən Femida.az-a bildirilib ki, M. Qurbanlı müasir Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını bildirib. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayıb.

Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

Femida.az

Açar sözlər: #dini  

Oxunub: 524