Azərbaycan qılıncı necə erməniləşdi?


15:15     19 İyul 2019 2019/07/qilinc1_1563534991.jpg


Təqribən 200 əvvəl Cənubi Qafqazda baş verən, lakin bu gün də Ermənistan və Rusiya alimləri arasında mübahisələrə səbəb olan bir hadisəni xatırlatmaq istərdik. Buna səbəb isə rəmz və ornamentlərin tarixi həqiqətin bərpasında, eləcə də erməni-rus mənimsəmələrinin ifşasında oynadığı rolu əyani şəkildə göstərməkdir.

Orta əsrlərdə Şərqdə, o cümlədən tarixi Azərbaycan ərazilərində «Dəməşq poladı», «Şam poladı», «Misri» və ya «türk poladı» kimi tanınan, sərt metal xəlitədən hazırlanan, möhkəmliyi, kəsicilik qabiliyyəti və paslanmaya davamlılılığı ilə seçilən soyuq silahlar – qılınc, beybut, pala, şəmşir, yatağan, xəncər, gorda, neştər, bıçaq, konçar, qəmə və s. geniş yayılmışdır. Onu da xatırladaq ki, mürəkkəb mexaniki, termik və kimyəvi emal texnologiyaları nəticəsində metalın tərkibi karbonla zənginləşdirilir, onun daxili strukturu, keyfiyyəti və rəngi (boz, qonur və qara) dəyişilir, sıxlığı artır, tiyənin uzərində müxtəlif «naxışlar» yaranırdı. Bu növ metaldan hazırlanmış kəsici silah tiyələri «Kitabi-Dədə Qorqud» eposunda «qaraüz polad qılınc», «Koroğlu» dastanında «Misri qılınc» adları məşhur idi. «Dəməşq poladından» düzəldilmiş sərt yaylara qədim dastan və nağıllarımızda da rast gəlirik. Məsələn, «Kitabi-Dədə Qorqud» eposundakı «Dəmir yaylı Mamaq» ləqəbində. Azərbaycanın mahir ustalarının əl işi olan silahlar təkcə Şərq dövlətlərinə deyil, Rusiya və Avropaya da ixrac olunurdu. İndi onların nümunələrinə dünyanın bir sıra muzeylərində və şəxsi kolleksiyalarında rast gəlmək mümkündür.

Rusiyada ənənəvi olmayan bu metal növünün istehsalına ilk dəfə 1828-ci ildə - Azərbaycanın işğalından dərhal sonra başlanılmasını «təsadüf» adlandırmaq olmaz. Rusiyanın müasir elmi mənbələrinə inansaq, Zlatoust polad əritmə zavodlarının rəisi, dağ-mədən mühəndisi, alim-metallurq general-mayor Pavel Anosov (1796-1851) «gərgin axtarışlardan» sonra nəhayət həmin il Şərq poladının asan yolla hazırlanması texnologiyasının «sirrini» bilmiş və bununla da imperiya ordusunun keyfiyyətli soyuq slahlarla təminatı xeyli yaxşılaşmışdır. Bununla belə, P.Anosov «yeni rus poladının» müxtəlif növlərini struktur və üzərlərindəki «naxışlar» üzrə təsnif edərkən onların türkcə tarixi adlarını da qeyd etməyi unutmamışdır. Məsələn, zolaqlı polad tiyə «Şam» və ya «Əski Şam», bucaqşəkilli – «Erkək daban», «Bayat Xorasan», dalğavari - «Qırx nərdivan», «Qara daban», «Sarı hindi», torvari – «Daban», «Xorasan», «Qara Xorasan» (terminlər Azərbaycan türkcəsindədir) adlanır və s. Lakin tarixi sənədlərin araşdırılması göstərir ki, general Pavel Anosov heç də rus-Dəməşq poladının pioneri olmamış, əksinə Şərq ustalarının istehsal texnologiyasını Rusiya şəraitinə uyğunlaşdıraraq sənayedə tətbiq etmişdir.

1998-ci ildə də Rusiyalı professorlar İ.Taqanov və V.Xorev daha irəli gedərək, Rusiyada «Dəməşq poladının» ilk dəfə məhz 1828-i ildə istehsalını nədənsə «unutmuş», P.Anosovun isə əslində «qədim slavyan texnologiyasını» bərpa etdiyini bildirmişlər. Bundan başqa, həmin metal üçün yarımfabrikatın, türkcə «qaralıq» (qaralama, qara iş, ilkin emal üçün material) adlandırılan xəlitənin də ilk müəlliflərinin qədim rus metallurqları olunduğunu «sübuta yetirmişlər». Onların qənaətinə görə, Qafqaz və Mərkəzi Asiya türklərinin slavyan xalqlarından mənimsədikləri bu termin rusların «xoroluq» (?) sözünün təhrif edilmiş variantıdır. Termin guya, qədim rus dilindəki «xoro» - dairə, halay (əslində, iran mənşəli sözdür) və «lud» - işıq kəlmələrinin birləşməsindən yaranmışdır və «qədim slavyanların Günəş ilahisi Xorsun poladı» anlamını verir. V.Xorevin digər «elmi əsaslandırması» isə təkcə Misri qılıncın deyil, hətta gələcəkdə «Koroğlu» dastanının da «slavyan mənşəli» olmasını bəyan etmək üçün ilk addım sayıla bilər. Görünür, Misri qılıncın göydən düşən ildırım daşından düzəldilməsi barədə qədim rəvayətdən xəbərdar olan metallurq «Xors poladının» hazırlanma texqnologiyasını belə izah edir: «Qədim ruslar bu poladı almaq üçün metal ərintiyə meteorit parçalarını qatırdılar. Səma elçilərinin tərkibində olan nikel xəltənin strukturunu sirli şəkildə dəyişir və bununla da xaraluq əldə olunurdu». V.Xorevin sərsəm fikirləri bununla kifayətlənmir və Tiflis əhalisinin böyük hissəsinin Azərbaycan türkləri təşkil etdiyi və burada onların sənətkarlar məhəllələrinin olduğu halda bunları bildirir: «Zaqafqaziyada (Cənubi Qafqazda) Dəməşq poladından silah istehsalı əsasən Tiflis şəhərində cəmləşmişdi. Burada müxtəlif xalqların nümayəndələrindən olan silah ustaları - dağıstanlılar və ermənilər, çərkəz və ruslar, çeçen və osetinlər çiyin-çiyinə işləyirdilər. Oxucular naməlum mənşəli qədim silah nümunələri rast gəlsələr, onların üzərlərindəki damğalara diqqət yetirsinlər. Bu işarələr həmin silahların kimlər tərəfindən hazırlanması barəldə ətraflı məlumat verə bilər». Diqqət edin, yalnız XIX əsrin əvvəllərində «Dəməşq poladının» istehsalı ilə tanış olan rusların, silah istehsalı ilə tarixən əlaqəsi olmayan ermənilərin adları çəkildiyi halda, türk xalqları – vaxtilə Qızıl Orda, Mərkəzi Asiya hökmdarlarını, Rusiya knyazlarını və çarlarını, Polşa və Litva cəngavərlərini qılınc və zirehlə təmin edən azərbaycanlı, kumık, balkar ustaları nədənsə «unudulmuşdur». Üstəlik, nə rusların, nə də ermənilərin tarixən etnik damca işarələri olmamışdır! Digər tərəfdən, V.Xorevin kitabındakı «Tiflis dəmirçilərinin» damğa və möhür təsvirləri içərisindəki Quran ayələrindən parçalar və hədislər də xristian «rus-erməni silah ustaları» versiyasını tamamilə istisna edir.



V.Xorev ə görə, Tiflisin silah ustalarının şəxsi damğaları

Rusiya alimlərindən fərqli olaraq, Ermənistan Dövlət Tarix Muzeyinin aparıcı elmi işçisi Emma Avasaturyan sərt mövqe nümayiş edərək Rusiya metallurqiya sənayesinə inqilabın P.Anosovun adı ilə bağlanmasını tarixi ədalətsizlik kimi dəyərləndirir və generalı paliatçılıqda, erməni xalqına məxsus intellektual mülkiyyəti mənimsəməkdə təqsirləndirir. Bu detektivdə hansı tərəfin həqiqətən də plaqiat, hansının isə zərərçəkən olmasını müəyyən etmək üçün olayın təfərrüatlarını nəzərdən keçirək.

1828-ci ilin fevral ayının10-da Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsi nəticəsində Azərbaycanın tarixi əraziləri parçalanmış, Araz çayından şimala doğru hissəsi Rusiyanın, cənub torpaqları isə İranın əlinə keçmişdi. İşcal aktından dərhal sonra çar silah müəssisələrinin rəisi, maliyyə naziri E.Kankrin Qafqaz canişini İvan Paskeviçə məktub ünvanlayaraq, ondan zəbt olunmuş ərazilərdə qısa vaxt ərzində Şərq poladının hazırlanma texnologiyasını öyrənmək və Rusiya zavodlarında tətbiqi imkanlarını araşdırmaq barədə xahiş etmişdir. Bu icrası asan olan tapşırıq deyildi. Silah ustaları onun istehsal texnologiyasını bölüşməkdən imtina etsələr də, erməni mənşəli silah taciri Qəhrəman Yeliazarov yüksək mükafat müqabilində bu sirri öyrənməyi boynuna çəkir. Emma Avasaturyanın bu barədə yazır: «Tiflisdə erməni əsilli ən yaxşı dəmirçi olan Geurkun (Guman ki, «Gevork») oğlu Qəhrəman ailəsinin qoruduğu sirri Rusiya hökuməti ilə bölüşməyi qərara alır. Bildirir ki, əsl polad Hindistan dəmirindən hazırlansa da, onu adi at nalından da düzəltmək olar. Bunun üçün dəmir ərintisinə türk çuqunu ovuntusu qarışdırılmalı, hazır material isə türk poladı ilə qaynaq edilməlidir». Bundan başqa, E.Avasaturyanın vurğuladığı kimi Qəhrəman qardaşı Yefrem ilə birlikdə qraf Paskeviçə minnətdarlıq rəmzi kimi Dəməşq poladından şpaqa və qılınc hazırlayıb üzərinə ərəb əlifbası ilə öz adını yazır və canişinə hədiyyə edir (V.Xorevin versiyasına görə, türk qılıncı Paskeviçin sifrişi ilə düzəldilmişdir). Bu faktı diqqətdə saxlayaq.

Erməni sənətşünası yazır ki, Qəhrəman Yeliazarov 1830-ci ilin may ayında Rusiya hökuməti qarşısında göstərdiyi böyük xidmətlər müqabilində xeyli qızıl pul (160 çervon - Dəməşq poladının sirrinə görə 100, şər iki qılınc üçün isə 60 çervon) mükafat almışdır. İki ay sonra isə Rusiya imperatorunun fərmanı ilə Q.Yeliazarov «Sədaqətə görə» medalı ilə təltif olunmuşdur. Elə həmin il Rusiyanın müxtəlif bölgələrindən Tiflisə çuqun dolu araba karvanları göndərilir.

E.Avasaturyan «Dəməşq poladının» erməni mənşəyini və onun Rusiya hökümətinə verilməsində ermənilərin, xüsusilə Qəhrəman Yeliazarovun müstəsna rolunu artırmaq məqsədilə Tiflisdə silah istehsalı ilə tarixən ermənilərin məşğul olduqlarını da qeyd edir. Onun iddiasına görə, XIX əsrdə şəhərdə cəmi dörd dəmirçi sexi (ermənicə: amakar) olmuşdur. «Bıçaqçı» (sexin adı türkcə verilib) adlanan birinci sexə Aleksey Mikirtumov-Beburov rəhbərlik edirmiş. Silahların qızıl və gümüşlə işlənməsinə isə Ohanez Tatinovun ustaları cəlb olunmuşdular. Xəncər və qılınc qınlarını isə yalnız başqa bir erməninin - usta Avetik Matinovun sexi hazırlayırdı: «XIX əsrdə Cənubi Qafqazın müxtəlif böblgələrində - Tiflisdə, Qoridə, Sığnaxda, Telavidə bütün silah ustaları amkarlar ətrafında birləşmişdilər. İrəvanda, Aleksandropolda (Gümrüdə) və Şuşada silah istehsalı ilə yalnız xristianlar məşğul olurdular. Müsəlmanlar isə yalnız vergi ödəyirdilər».



Beləliklə, Paşkeviçə hədiyyə edilən türk qılıncının məhz erməni ustaları tərəfindən düzəldilməsi «təsdiqini tapır». Lakin kiçicik və o qədər də nəzərə çarpmayan bir bəzək elemenləri - qılıncın qəbzəsi üzərindəki rəmz və yazıları ilə baclı cavabsız qalan suallar Emma Avasaturyan bütün iddialarını alt-üst etməkdədir. Birincisi, tutaq ki, İrəvan xanlığını işğal edilməsinə və erməniləri İrandan Azərbaycan ərazilərinə göçürülməsinə minnətdarlıq əlaməti olaraq Tiflisdəki erməni silah ustaları həqiqətən də Dəməşq poladından qılınc düzəldib qraf Paskeviçə bağışlamışlar. Həm E.Avasaturyan, həm də V.Xorev təsdiqləyirlər ki, silahın qəbzəsində ərəb dilində çızma üsulla «Geurk düzəltmişdir» sözləri yazılmış və medalyon həkk edilmişdir. Məntiqli sual yaranır: Əgər bu qılıncı həqiqətən Qəhrəman Yeliazarov hazırlamışsa, nə üçün müəllif kimi atasının adını, özü də ərəb dilində yazmışdır? İkincisi, görəsən erməni və rus tədqiqatçılarının medalyon daxilindəki mətndən xəbərləri varmı? Elə isə xristian erməni ustalarının xristian rus generalına hədiyyə etdikləri silahın üzərinə şiə müsəlmanlara xas olan hədisi-şərifin - Udud döyüşündən sonra Mələk Cəbrayılın Həzrət Əlinin şəninə söylədiyi «La feta illa Ali, la seyfe illa Zulfikar» (Əlidən üstün igid, Zülfüqardan kəsgin qılınc yoxdur) sözlərinin yazılması hansı xristian məntiqinə sığır? Və ən nəhayət, doğurdanmı həmin silahın müəllifliyi ermənilərə məxsusdur?

Hazırda Rusiya Dövlət Tarix muzeyində saxlanılan (invertar nömrəsi - 3108) həmin «Yeliazarov qılıncı» tipinə görə Orta əsrlərdə Azərbaycanda səfəvi ordusunda geniş yayılan «şəmşir» soyuq silahıdır. Bu tip qılınc əsasən atlı döyüşçülər üçün nəzərdə tutulmuşdur. Onun az qüvvə sərfi ilə kəsicilik xassəsini yaxşılaşdırmaq üçün tiyəsinin 2/3 hissəsi qəbzəyə nisbətən 30 dərəcə yuxarıya doğru əyilir. Əyilən hissənin möhkəmliyini artırmaq məqsədilə ona «yalman» adlanan əlavə polad qat qaynaq edilir. Onu da xatırladaq ki, belə bir qılıncı İ.Paskeviç 1829-cu ildə Ərzurum yürüşü zamanı rus şairi Aleksandr Puşkinə hədiyyə etmişdir. General P.Anosov isə yeliazarovların qılınc materiallarının keyfiyyətcə Suriya, İran, Osmanlı və Hindistan poladının tamamilə eyni olduğunu, hətta onların Rusiya imperatoruna göndərdikləri silahların XVI əsrə aid Hindistan poladından düzəldildiyini vurğulamışdır. Beləliklə, ermənilər hələ o zaman hamilərinin dəstəyi ilə Azərbaycan xalqının daha bir maddi irsini özünküləşdirməyə nail olmuşlar.

Araz Qurbanov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı

Femida.az

Açar sözlər: #Azərbaycan   #Erməni   #Dəməşq_qılıncı   #Silah  

Oxunub: 3344