ARDNF jurnalistləri mükafatlandırdı


17:33     19 İyul 2019 2019/07/IMG_5952-copy_1563543302.jpg


2019-cu il iyul ayının 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilmiş analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir təşkil edilib.

Femida.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, Mətbuat Şurasının üzvləri, müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş. Mövsümov iştirakçılara ARDNF-nin 20 illik fəaliyyəti barədə məlumat verib. Müsabiqənin nəticələrindən danışan İcraçı direktor müsabiqəyə təqdim edilən 31 yazının Mətbuat Şurası və ARDNF-nin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildiyini bildirib. Ş. Mövsümov qeyd edib ki, bir sıra yazıların qiymətləndirmə nəticələri yaxınlıq və ya eynilik təşkil etdiyindən mükafatlandırmada müvafiq dəyişikliklər edilmişdir. Bununla da mükafatlandırmada 1 nəfərə 1-ci yer, 2 nəfərə 2-ci yer, 3 nəfərə 3-cü yer və 10 nəfərə həvəsləndirici mükafatın təqdim edilməsi qərara alınıb.

Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün keçirilən belə müsabiqələr jurnalistikada ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan milli mətbuatının ictimai həyatdakı roluna toxunan Ə.Amaşov onu da qeyd edib ki, 22 iyul Milli Mətbuat günü öncəsi jurnalist əməyinin qiymətləndirilməsi ümumilikdə mətbuatımıza dəyərdir. Buna görə də Neft Fonduna təşəkkürünü bildirib.

Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib. Tədbir iştirakçıları Fondun inzibati binası və muzeyi ilə tanış olmuşlar.

Femida.az

Açar sözlər: #Neft_fondu   #ARDNF  

Oxunub: 567