Azərbaycan jurnalistinin hansı hüquqları var? - QANUN


13:18     22 İyul 2019 19_07_22_1563786670.jpg


Azərbaycan jurnalistikası özünün 144 illiyini qeyd edir. Məhz 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə 22 iyulda dərc olunan “Əkinçi” qəzeti Azərbaycan mətbuatının ilk bünövrəsi hesab olunur.

Bu gün Azərbaycanda jurnalistlərin hansı hüquq və vəzifələri var? Hüquq yüklü xəbər portalı olan Femida.az Milli Mətbuat Günü münasibəti ilə mövzunu işıqlandırır.

Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bunlar qanunvericilikdə nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.



Bu halda senzura tətbiq olunur

Azərbaycan KİV-də dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.

Yalnız və yalnız hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq materiallar hərbi senzuradan keçirilə bilər. Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddətdə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.



Məlumat almaq hüququ

Qanunun 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Məlumatın əldə edilməsi barədə sorğudakı məlumat öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Lakin jurnalistlərin də azadlığı sərhədsiz deyil. Belə ki, qanunun 10-cu maddəsinə görə, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.



Təkzib, düzəliş və cavab hüququ

Media orqanlarının təkzib, düzəliş və cavab vermək hüququ vardır. KİV-də şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.

Qanunda jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən senzura tətbiq etmək, peşə müstəqilliyini pozmaq, jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək, jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək və digər hüquqlarını pozmaq mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər.



Jurnalist hüquqlarından sui-istifadə edərsə...

Jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət olduğu kimi bu hüquqlardan sui-istifadəyə görə də məsuliyyət var. Belə ki, media nümayəndəsi açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda, vətəndaşların şəxsi həyatına qəsd etdikdə, pornoqrafik materialları dərc etdikdə, qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda məsuliyyət daşıyır.

Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq jurnalist tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması məsuliyyətə səbəb olur.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #jurnalist   #media   #hüquq   #qanun   #KİV   #mətbuat  

Oxunub: 2486