DOST xidmətləri sırasına övladlığagötürmə əlavə edildi


10:24     23 İyul 2019 19_07_23_1563863091.jpg


Prezident İlham Əliyevin 19 iyul 2019-cu il tarixli “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin vəzifə və hüquqlarının, “DOST” mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.

Bununla əlaqədar Prezident cənab İlham Əliyevin 19 iyul 2019-cu il tarixli Fərmanında DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək kimi fəaliyyət istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.

Eyni zamanda, Fərman “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısında 4.11-ci bəndində peşə kurslarının təşkil edilməsi xidməti əksini tapıb. Yeni Fərmanla həmin mərkəzlər bu xidmətlə bərabər, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi xidmətini də həyata keçirəcəklər.

Beləliklə, qeyd olunan xidmətlər bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə aid olacaq.

Göründüyü kimi, dövlət başçısının yeni Fərmanı bir tərəfdən yeni xidmətlər əlavə olunmaqla DOST xidmətləri sırasının genişlənməsinə, eyni zamanda övladlığagötürmə və peşə hazırlığına göndərişin verilməsi sahələrində də xidmətlərin DOST” mərkəzlərində “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə şərait yaradır.

Femida.az

Açar sözlər: #övladlığagötürmə   #dost  

Oxunub: 538