Millət vəkili: “Vətəndaşlara dəyən maddi-mənəvi zərər ödənilməlidir”


20:25     19 May 2015 parlament0.jpg

Bu gün Bakıda 16 mərtəbəli binada baş vermiş yanğın özü ilə bərabər suallar da doğurub.


Bakıda ard-arda baş verən bina yanğınlarının arxasında siyasi təxribat xarakterli əməllər dayanırmı?

Femida.az bu suallı millət məkillərinə ünvanladı.

Millət vəkili Zahid Orucun sözlərinə görə binanın tikintisində istifadə olunan material yanğının baş verməsində əsas səbəb ola bilər.

Zahid Oruc:

“Baş vermiş hadisəyə çox narahatlıqla yanaşırıq. Vətəndaşlara ciddi maddi-mənəvi ziyan dəyib. Düşünürəm ki, bu Bakının ictimai atmosferinə ciddi təsir edə bilməz. Əlimizdə hələ ki dolğun məlumatlar olmasa da, deyə bilərik ki, bir-birinin ardınca belə hadisələrin baş verməsi onu sübut edir ki, binanın tikintisində istifadə olunan materialın oda davamlılığı zəif olduğu üçün dəhşətli yanğın hadisəsinə çevrilib. Qəzadan əziyyət çəkən bütün vətəndaşlarımızın həm maddi, həm də mənəvi zərərləri şirkət rəhbərliyi tərəfindən ödənməlidir, çünki bu yükün dövlət üzərinə qoyulması yolverilməzdir. Daxili İşllər Naziri Cənab Ramil Usubovun və baş prokuror Cənab Zakir Qaralovun hadisə yerində olması onu sübut edir ki, ölkə rəhbərliyi məsələyə çox sərt hüquqi müstəvidə reaksiya verib.”

Millət vəkili Fəzail Ağamalı da mövzu ilə bağlı öz mövqeyini bildirdi. Onun fikrincə, təxribat da istisna deyil, lakin gümanlar və versiyalar üzərindən münasibət bildirmək düzgün olmaz.

Fəzail Ağamalı:

“Düşünürəm ki, burada fikir, mülahizə, versiya yox, hüquqi müstəvidə araşdırmalar öz sözünü deməlidir. Mən tamamilə əminəm ki, Azərbaycan hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Məhz bu araşdırmaların nəticəsində bəlli olacaq ki, yanğın hansı səbəbdən baş verib. Ancaq Avropa Oyunları ərəfəsində ən müxtəlif təxribatların baş verməsi gözlənilir. Ona görə də Azərbaycan cəmiyyəti tam ayıq olmalıdır. Biz bütün işləri hüquq-mühafizə orqanlarının üzərinə yıxmaq da düzgün olmazdı. Biz də bir vətəndaş olaraq müşahidə etdiyimiz təxribat xarakterli, xoşagəlməz məqamlardan ötüb keçə bilmərik. Bu sahədə bütün cəmiyyət ayıq olmalı, müvafiq dövlət strukturlarının qaynar xəttinə zəng vurub, onları məlumatlandırmalıyıq. “

Millət vəkili Sabir Rüstəmxanlının fikrincə, yanğın hadisəsi təxribatçı qüvvələr tərəfindən törədilə bilər.

Sabir Rüstəmxanlı:

“ Bakı kimi isti bir regionda tez alışan kimyəvi tərkibli maddələrlə binaların üzlənməsi nəticədə gətirib belə yanğınlara çıxarır. Amma şübhəsiz təxribat da ola bilər. Azərbaycanın hərtərəfli inkişafını qısqanclıqla qarşılayan təxribatçı qüvvələr bu yollara əl ata bilərlər. Yəni bu yol da istisna edilmir.”

Açar sözlər:

Oxunub: 927