16 yaşında qrossmeyster olan unudulmaz çempion: Vüqar Həşimov


10:52     24 İyul 2019 19_07_24_1563950989.jpg


Bu gün Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun doğum günüdür. Yaşasaydı 33 yaşı olacaqdı...


Femida.az xatırladır ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub. Möhtəşəm zəkasını göstərməsi üçün Vüqara 9 yaşına çatması bəs edir. 1995-ci ildə Azərbaycan çempionu olur. Eyni uğuru 1996 və 1998-ci illərdə də təkrarlayan Vüqar 2002-ci ildə lazımı mərhələləri keçərək qrossmeyster dərəcəsinə layiq görülür. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edir. Karyerasına çox yaxşı başlayan Vüqar bir müddət gözdən itir. Ancaq onun şahmata qayıdışı Azərbaycan idman tarixinin ən xoş və ən qalmaqallı səhifələrinin yazılmasına səbəb olur.

Belə ki, onunda heyətində yer aldığı millimiz 2007-ci ildə Avropa üçüncüsü olur. 2009-cu ildə Serbiya keçirilən AÇ-də isə şahmatçılarımız ölkəyə qızıl medulla qayıdır. Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov ilə təmsil olunan millimizin son oyunu Vüqarın öhdəsinə düşür. Həşimovun qələbəsi bizə Avropa Çempionluğu gətirəcəkdi. Dəfələrlə xalqı üçün oynadığını deyən vətənpərvər Vüqar həlledici məqamda qələbə qazanır və Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olur.



Lakin çox keçmir ki, Vüqarla Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə, yığma komandanın heyətindən uzaqlaşdırılır. Bəlkə də onun ardı-arası kəsilməyən uğurları bəzilərinin xoşuna gəlmirdi.

Lakin FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında o, Teymur Rəcəbovu qabaqlayaraq, 11-ci yerdə qərarlaşır. 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliya” şahmat turnirinin qalibi olur.

2012-ci ildə Vüqar Həşimov artıq şahmat oynamayacağını bildirir. Çünki ağır xəstə idi. Beyin xərçəngi bu böyük istedadı dünyadan qoparmağa çalışırdı. Almaniyada müalicə alan Həşimovun sağalacağına, yenidən şahmata qayıdacağına ümid edirdi. Hətta onun yavaş-yavaş sağaldığını xəbərlərinidə oxuyurduq. Ancaq Vüqar xərçənglə 2 il mübarizə apara bildi. 2014-cü il, 14 yanvar... Almaniyanın “Heydelberq” klinikası... cəmi 27 yaşında ikən Azərbaycan və dünya şahmatının unudulmaz siması Vüqar Həşimov əbədiyyətə qovuşdu.



Onun ölümü bütün ölkəni üzmüşdü. Prezident İlham Əliyev Vüqarın ölümü ilə bağlı bunları demişdi:

“Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq”.

2014-cü ildən başlayaraq Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilir. Turnirdə Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymour Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak ediblər. 24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. 2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.



Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #Vüqar_Həşimov   #şahmat   #idman  

Oxunub: 1628