Milli Qəhrəman adından imtina edən əfsanəvi komandir - FRED ASİFİN DOĞUM GÜNÜDÜR


10:50     26 İyul 2019 2019/07/asif9_1564123851.jpg

Asif Məhərrəmov və ya Fred Asif. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. Hərbi təhsili olmadan hərbi hissə komandiri olmuş döyüşçü. Femida.az şəhidi doğum günü ilə bağlı bioqrafiyasını təqdim edir.

Asif Məhərrəmov kimdir?

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdamda anadan olub. 11 uşaqlı böyük bir ailənin ilk övladı idi. Uşaqlığı yoxsulluq içində keçən Asif Ağdam şəhər 1 saylı orta məktəbi bitirərək Dəzgahqayırma Zavodunda fəhlə kimi işə başlayıb. 1971-ci il 31 oktyabrda Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs ediblər. Asifə iki il iş kəsilib.

Həbsdn çıxqdıqdan sonra da bəla ondan əl çəkmir. 1976-cı ildə Asif qız qaçırır. Bi müddət sonra isə avtomobil qəzası törədir. "Təcili yardım" maşınının vurulmasına görə ona yenidən 4 ilyarım həbs verirlər. 1980-ci illərin sonunda həbsxanadan çıxan Asif Moskvadakı dostlarının yanına gedir. Bir müddət sonra isə Ağdama qayıdaraq özünə biznes qurur, restoran sahibi olur.



Qarabağ müharibəsində iştirakı

Vətənin çətin günlərində Asif dostları ilə birlikdə “Haqq Cəbhəsi” batalyonunu yaradır (1991-ci il, 15 noyabr). Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonuna qoşulurlar. 1991-ci il 31 dekabrda Xramort kəndinin azad edilməsində onun batalyonu xüsusilə fərqlənir. Bu vaxt müxtəlif siyasi qüvvələr Ağdamın Muradbəyli kəndindəki hərbi hissəni dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyirlər. Lakin Fred ləqəbli qoçaq bunun qarşısını alır, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirir. Bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunur. O vaxtkı Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilir. Asifin hərbi təhsili olmamasına baxmayaraq, O, 859 saylı həmin batalyonun ilk komandiri olur.

1992-ci il 26 fevralda Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edən Asif 1992-ci il 7 martda 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilir.

Aranzəmini alan zaman Asifin qurduğu taktika hər kəs tərəfindən rəğbətlə qarşılanır: artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizləndiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, o gözlərinə inanmır. Asif UAZ-la atəş altında kəndə girir. Atəş dayanan kimi batalyon köməyə gedir. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyevin sözlərinə görə "bu hərəkəti ancaq fred Asif edə bilərdi".

Həmin il martın 20-də Asif Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. 1992-ci ildə qəzetlərə verdiyi müsahibədə Asif deyirdi:



"Mən realistəm. Əgər qüvvələrimizi vahid komandanlıq altında birləşdirə bilsək, qələbə bizimdir".

Asif 24 iyun 1992-ci il Naxçıvanlı kəndində uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə yenidən cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla onu vururlar. Fred Asifin maşını aşır. Ağ ciyəri ciddi zədə alır, ağzından qan gəlir. Asifi üç gün Ağdamda saxlayırlar.

1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə o, Heydər Əliyevin qəbulunda olur. 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını Əliyevə çatdırır. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırır. Çünki o vaxt narahatçılıq var idi ki, Bakıda təxribat hazırlanır. Asifin Heydər Əliyevlə görüşü 3 saat çəkir. O, ulu öndəri inandırır ki, onun batalyonu heç bir təxribatda iştirak etmir.



1993-cü il iyulun 23-də qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdam müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalırlar. Həmin gün Fred Asif ağır vəziyyətdə Bakıda xəstəxanada yatırdı. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıdır. Vəziyyəti daha da pisləşir. Vərəm xəstəsi olan Fred buna baxmayaraq ayağa qalxıb cəbhəyə qayıdır. 1993-cü il oktyabrda Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. Lakin səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Ukraynaya gedir. 1 iyul 1994-cü ildə Yaltada vərəmdən vəfat edir.

Asif Fred 1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Hazırda onun Azər adlı oğlu xatirəsini yaşadır.Ləqəbini ona dostları vermişdi. Yoldaşları Asifi Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanına bənzədirdilər. Bakıda onun şərəfinə küçə adlandırılıb. 2007-ci il 28 avqustdan Azərbaycanda X siniflər üçün azərbaycan və rus dillərində hazırlanan “İbtidai hərbi hazırlıq” dərsliklərinə ilk dəfə olaraq Fred Asif haqqında məlumat daxil edilib. 2008-ci ildən Fred Asif adına İnkişaf Fondu fəaliyyət göstərir. 1996-cı ildə yazıçı və publisist Mustafa Çəmənli Fred Asif haqqında "Fred Asif" sənədli roman kitabını yazıb. Şair Bəhruz Axundov Fred Asifin həyatı və döyüş yoluna həsr etdiyi "Məhəkdaşı" adlı xatirə-esse yazıb.


Fred Asifin nəvəsi

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina etmişdi. Asifin cavabı isə çox qəti və məntiqli idi:

"Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".

Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra prezident Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa etdi və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim etdi.


Asifin məzarı

Femida.az

Məqalədə vikipediya məlumatlarından istifadə olunub

Açar sözlər: #Asif_Fred   #milli_qəhrəman   #Qarabağ   #ordu   #müharibə   #Ağdam   #şəhid  

Oxunub: 5655


Oxşar xəbərlər