Prezident Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı


17:04     26 İyul 2019 19_07_26_1564146339.jpg


Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilir.

Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirməli, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratmalı və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etməli, müsabiqənin keçirilməsi qaydalarını təsdiq etməli, işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etməlidir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılır.

Maliyyə Nazirliyi nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 437